Milli kadr hazırlığı prosesində fəal iştirak.
Azərbaycanda ötən əsrin birinci yarısına qədər tibbin bir çox sahələri kimi oftalmologiya sahəsi zəif inkişaf etdiyindən insanlar göz xəstəliklərinin terapiyasından əziyyət çəkirdilər. XX əsrin ikinci yarısından başlayaraq isə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın xidmətləri sayəsində ölkəmizdə oftalmologiya elmi və göz xəstəliklərinin tədqiqatları inkişaf edən sahələrdən birinə çevrilmişdi. Xüsusən, XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyub.
Onun bu əməyi nəticəsiz qalmayıb. Azərbaycanda bu xəstəlikldən əziyyət çəkən yüzlərlə insan şəfa tapıb. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.
Azərbaycanda oftalmologiya elminin indiki inkişaf səviyyəsinə çatması akademik Zərifə Əliyevanın zamanında bünövrəsini qoyduğu bir sıra elmi tədqiqatların bəhrəsinin nəticəsidir. O, özü elmi tədqiqatlar aparmaqla yanaşı, bu sahə üzrə yeni kadrların hazırlanması istiqamətində də əzmkarcasına çalışımışdır. Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Şölə Bağırova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini