2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-ya Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını (FTƏP) təqdim edib.
Cari ilin 17 mart tarixi NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə yadda qaldı. Səfər zamanı Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanat verdilər. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan – NATO münasibətləri bu gün hər kəsə yaxşı məlumdur. Azərbaycan – NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq” (SNT) sazişini imzalayıb. Azərbaycan-NATO əlaqələrində əsas hadisələrinə gəlincə 1992-ci il. Azərbaycan yenicə yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub. 1994-cü il. Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulub. 1997-ci il. Azərbaycan SNT-nin Planlaşdırma və Analiz Prosesinə qoşulub. 1999-cu il. Azərbaycan NATO-nun rəhbərliyi altında Kosovoda aparılan sülhməramlı əməliyyatlara qoşulub. 2001-ci il. Azərbaycan öz ərazisində “Cooperative Determination 2001” adlı çoxmillətli SNT hərbi təlim məşğələlərinin keçirilməsini təşkil edib. 2002-ci il. Azərbaycan NATO-nun rəhbərliyi altında Əfqanıstanda olan silahlı qüvvələri dəstəkləmək üçün hərbi bölmə göndərib. Xüsusiləşdirilmiş Azərbaycan taqımı müttəfiq və tərəfdaş ölkələrlə birgə Rusiyada keçirilən mülki müdafiə qüvvələrinin fövqəladə xilasetmə təlim məşğələlərində iştirak edib. 2003-cü il. Azərbaycan “Virtual İpək Yolu”na qoşulub (Bu layihənin məqsədi peyk şəbəkəsi vasitəsilə Qafqaz və Mərkəzi Asiya ölkələrinin ali təhsil ocaqları və elm işçilərinin İnternetə çıxış imkanlarının təkmillədirilməsindən ibarətdir). 2004-cü il. Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-ya Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını (FTƏP) təqdim edib. Azərbaycanın axtarış-xilasetmə taqımı Rumıniyada keçirilən mülki müdafiə qüvvələrinin fövqəladə xilasetmə təlim məşğələsində iştirak edib. 2005-ci il. Azərbaycan NATO ilə ilk FTƏP proqramına başlayıb. 2006-cı il. Bakıda Avro-atlantik Mərkəzinin (NATO-nun məlumat mərkəzinin) rəsmi təntənəli açılışı olub. 1999-2008-ci illərdə Azərbaycan NATO-nun Serbiyanın Kosovo əyalətindəki əməliyyatında (KFOR) iştirak etmiş, 2008-ci ildə bu əyalətin öz müstəqilliyini birtərəfli şəkildə elan etməsindən sonra öz qüvvələrini oradan çıxarmışdır. 20 noyabr 2002-ci il tarixindən etibarən Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taborunun 22 nəfərlik heyəti Əfqanıstandakı əməliyyata cəlb olunmuşdur. 15 yanvar 2008-ci il tarixində Əfqanıstanda xidmət edən Azərbaycan hərbçilərinin sayı 45 nəfər çatdırılmış və 19 fevral 2009-cu il tarixində isə bu rəqəm daha iki dəfə artmışdır.
Ağabəy Xankişiyev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri