Xüsusiləşdirilmiş Azərbaycan taqımı müttəfiq və tərəfdaş ölkələrlə birgə Rusiyada keçirilən mülki müdafiə qüvvələrinin fövqaladə xilasetmə təlim məşğələlərində iştirak edib.
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var, NATO ilə dialoq uğurla davam edir.
Azərbaycan – NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub: “Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq” (SNT) sazişini imzalayıb. Həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün şərait yaranıb. 1996-cı il aprel ayının 23-də yenidən Brüsselə səfər edən Azərbaycan Prezidenti Heydər Əliyev “Sülh naminə tərəfdaşlıq” sənədinə qoşulmaq barəsində təqdimat sənədini NATO-nun Baş katibi Xavyer Solanaya təqdim edib. Azərbaycan Respublikası 1997-ci ilin iyulunda NATO-nun Avro-atlantika Əməkdaşlıq Şurası adlı qurumuna da qoşulub. 1997-ci ildə həmçinin, Azərbaycan NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb. 1999-cu ildə Azərbaycan NATO-nun rəhbərliyi altında Kosovoda aparılan sülhməramlı əməliyyatlara yardımçı olmaq məqsədilə hərbi bölmə göndərib. 2006-cı ildə Bakıda NATO-nun məlumat mərkəzi fəaliyyətə başlayıb”.
Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir: “Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər. Terrorçuluğa qarşı Tərəfdaşlıq Əməliyyat Planında iştirak edərək Azərbaycan terrorçuluğa qarşı mübarizəyə töhfə verir. Buraya NATO ilə kəşfiyyat və analitik məlumatların bölüşməsi və terrorçuluğa qarşı milli təlim imkanları və sərhədlərin və infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi sahəsində müttəfiq ölkələrlə əməkdaşlıq daxildir. Azərbaycan NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi həyata keçirir, siyasi müzakirələrdə iştirak edir və milli qabiliyyətlərin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq həyata keçirir. Silahlı Qüvvələrdə korpus səviyyəsinə qədər NATO-nun struktur standartları tətbiq olunub. Müdafiə Nazirliyi və Baş Qərargahın NATO standartlarına uyğun yenidən qurulması ilə bağlı səylər davam etdirilir. 2007-ci ilin may ayında Milli Təhlükəsizlik Konsepsiyasının və 2010-cu ilin iyun ayında Hərbi Doktrinanın qəbul olunması təhlükəsizlik və müdafiə siyasətinin konseptual əsaslarının formalaşdırılması baxımından əhəmiyyətli olub. Hərbi Doktrinanın qəbul olunması Strateji Müdafiə İcmalı və Dəniz Təhlükəsizliyi Strategiyası kimi digər konseptual sənədlərin hazırlanması prosesini sürətləndirib. NATO ilə əməkdaşlıq fəaliyyəti çərçivəsində tədbirlərdə iştirak edərək Azərbaycan öz milli mülki müdafiə və fəlakət hallarının idarə olunması imkanlarını inkişaf etdirir. Azərbaycanın xüsusi axtarış – xilasetmə taqımı bir sıra təlimlərdə iştirak edib. Sülh və Təhlükəsizlik üçün Elm (STE) proqramı çərçivəsində Azərbaycan 30 əməkdaşlıq layihəsinin həyata keçirilməsi üçün qrant alıb. Göstərilən layihələrin sırasına sərhədyanı rayonlarda suyun keyfiyyətinin yaxşılaşdırılması və içməli su təchizatının terror əməllərindən mühafizə olunması üzrə əməkdaşlıq daxildir. STE proqramı çərçivəsində həmçinin, ətraf mühitin mühafizəsinə həsr edilmiş layihələr əhatə edilir. 2006-2008-ci illərdə NATO-nun maliyyəsi və ekspertizası ilə Mingəçevir və Ələt ərazisində keçmiş sovet ordusundan qalma 1400 ton, vaxtı keçmiş, yüksək zəhərli raket yanacağının zərərsizləşdirilməsini nəzərdə tutan Melanj layihəsi həyata keçirilib. Növbəti bu tipli layihə NATO və tərəfdaş ölkələrin təşkil etdiyi könüllü maliyyələşmə fondu (“NATO/SNT Etimad Fondu”) ilə Ağstafa rayonunun Saloğlu adlanan ərazisində keçmiş sovet ordusundan qalma partlamamış hərbi sursatların zərərsizləşdirilməsinə xidmət edir. 2005-ci ildən başlayaraq üç mərhələdə həyata keçirilən bu layihə 2011-ci ilin yayında başa çatıb. Bundan əlavə, NATO-nun yardımı ilə Xəzər dənizinin və digər su hövzələrinin ekoloji problemlərinin öyrənilməsi və elmi həlli yollarının hazırlanması üzrə layihələr həyata keçirilir. Digər əsas əməkdaşlıq sahəsi NATO və Azərbaycanla bu təşkilatın əməkdaşlığının faydası barədə məlumata çıxışın təmin olunması və ictimai məlumatlandırma səviyyəsinin artırılmasından ibarətdir. 2003-cü ildən etibarən NATO Bakıdakı yay məktəbinin maliyyələşdirilməsində iştirak edir. İldən-ilə proqramların əhatə dairəsi genişlənir və nəticədə 2005-ci ildə Azərbaycanda NATO-nun Beynəlxalq məktəbi yaradılıb. Onu da xüsusi qeyd etmək lazımdır ki, 1999-2008-ci illərdə Azərbaycan NATO-nun Serbiyanın Kosovo əyalətindəki əməliyyatında (KFOR) iştirak edib, 2008-ci ildə bu əyalətin öz müstəqilliyini birtərəfli şəkildə elan etməsindən sonra öz qüvvələrini oradan çıxarıb. 20 noyabr 2002-ci il tarixindən etibarən Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taborunun 22 nəfərlik heyəti Əfqanıstandakı əməliyyata cəlb olunub. 15 yanvar 2008-ci il tarixində Əfqanıstanda xidmət edən Azərbaycan hərbçilərinin sayı 45 nəfər çatdırılıb və 19 fevral 2009-cu il tarixində isə bu rəqəm daha iki dəfə artıb”.
Səadət Əsgərova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini