Loading

2006-cı ildə Bakıda NATO-nun məlumat mərkəzi fəaliyyətə başlayıb.

Cari ilin 17 mart tarixi NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə yadda qaldı. Səfər zamanı Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanat verdilər. Azərbaycan – NATO münasibətləri bu gün hər kəsə yaxşı məlumdur. Azərbaycan – NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq” (SNT) sazişini imzalayıb. Həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf  etdirilməsi üçün şərait yaranıb. 1996-cı il aprel ayının 23-də yenidən Brüsselə səfər edən Azərbaycan Prezidenti Heydər Əliyev “Sülh naminə tərəfdaşlıq” sənədinə qoşulmaq barəsində təqdimat sənədini NATO-nun Baş katibi Xavyer Solanaya təqdim edib. Azərbaycan Respublikası 1997-ci ilin iyulunda NATO-nun Avro-atlantika Əməkdaşlıq Şurası adlı qurumuna da qoşulub. 1997-ci ildə həmçinin, Azərbaycan NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb. 1999-cu ildə Azərbaycan NATO-nun rəhbərliyi altında Kosovoda aparılan sülhməramlı əməliyyatlara yardımçı olmaq məqsədilə hərbi bölmə göndərib. 2006-cı ildə Bakıda NATO-nun məlumat mərkəzi fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Avropa və Avro-atlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırımlısında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir. Azərbaycan Respublikası Avro-atlantik Tərəfdaşlıq Şurası və NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir. Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər. Terrorçuluğa qarşı Tərəfdaşlıq Əməliyyat Planında iştirak edərək Azərbaycan terrorçuluğa qarşı mübarizəyə töhfə verir. Buraya NATO ilə kəşfiyyat və analitik məlumatların bölüşməsi və terrorçuluğa qarşı milli təlim imkanları və sərhədlərin və infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi sahəsində müttəfiq ölkələrlə əməkdaşlıq daxildir.

 

Yalçın Abıyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın