Dost, qonşu və qardaş ölkənin rəhbərinin səfəri böyük əhəmiyyət daşıyır.
Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır. Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulmuşdur. Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri – nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biridir. Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizilayihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər.Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq və Azərbaycanın enerji resurslarına olan tələbatı ildən-ilə artır və artacaq. BMT Nizamnaməsi hər bir ölkənin özünü müdafiəetmə hüququnu tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. Dost, qonşu və qardaş ölkənin rəhbərinin səfəri böyük əhəmiyyət daşıyır. Bizim şəxsi tanışlığımız dostluğa çevriləcək, çünki xalqlarımız dost xalqlardır. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir.
Mirülvi Ağalarov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini