Ərazi bütövlüyü və suverenliyi ilə bağlı qarşılıqlı dəstək.
Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəmizdə səfərdə oldu. Şübhəsiz, bu səfər iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə öz növbəti töhfəsini verəcək.
Hazırda bu iki ölkə əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Elə Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuata verdiyi bəyanatı da bunun bir daha təsdiq edir. Belə ki, “Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır” deyən dövlətimizin başçısı bildirib ki, birgə həyata keçirdiyimiz infrastruktur layihələri – nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq.
Prezident Azərbaycan və Gürcüstan arasındakı siyasi münasibətlərin də iqtisadi sahə kimi dərinləşməkdə olduğunu söyləyib və əminliklə bildirib ki, iki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdi: ”Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiəetmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir”.
Bununla da dövlətimizin başçısı Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Qeyd edək ki, Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi var. BMT Baş Assambleyasının 2020-ci (3 sentyabr), 2021-ci (17 iyun) və 2022-ci ildə (8 iyun) keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycan sözügedən sənədin lehinə səs verib. Gürcüstan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Bəli, Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı qonşuluq strategiyası bu gün Prezident İlham Əliyevin sayəsində Gürcüstan və Azərbaycanın timsalında bir örnəyə çevrilib. Gürcüstanla Azərbaycan münasibətləri Ermənistan üçün örnək olmalıdır. Onu da bildirək ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.
Emin Tahirov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri