Bizə qarşı istifadə edilmiş silahlar Ermənistana təmənnasız verilmişdir.
Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14-də “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu zamanı dövlətimizin başçısı açılış mərasimində çıxışı zamanı bildirmişdir ki, 2020-ci il noyabrın 10-da Ermənistanın imzalamaq məcburiyyətində olduğu kapitulyasiya aktına əsasən onlar o zaman bizim nəzarətimizdə olmayan Qarabağın qalan ərazilərindən işğalçı qüvvələrini çıxarmaq öhdəliyini üzərinə götürdülər. Lakin 3 il ərzində onlar bunu etmədilər. Onlar nəinki on beş minlik hərbi kontingentini ərazidən çıxarmadı, onlar İkinci Qarabağ müharibəsindən sonra kommunikasiya yolları üzərində nəzarətimizin olmadığından faydalanaraq silah, mina və sursatları qaçaqmalçılıq yolu ilə Qarabağa göndərdilər. Kommunikasiya yolları üzərində nəzarət bizə keçdikdən sonra qaçaqmalçılıq dayandı. Buna baxmayaraq, sonuncu antiterror əməliyyatı zamanı bizim ağır texnika və zirehli maşınlar da daxil olmaqla məhv edilmiş və qənimət olaraq götürülmüş hərbi sursatların dəyəri bir milyard dollara yaxın olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı hərbi qənimətlər və məhv edilmiş texnikanın, sursatın dəyəri 5 milyard dollara yaxın idi. Sual olunur ki, Ermənistan bütün bu pulu haradan əldə edib? Əlbəttə, aydındır ki, bizə qarşı istifadə etdikləri bütün silahlar onlara təmənnasız verilmişdir.
İndi isə Qarabağ məsələsi öz həllini tapdıqdan sonra biz sülhə çox yaxınıq. Biz belə hesab edirik. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib.
Səadət Səfərova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini