Dostluq və qardaşlıq əlaqələrinin rəmzi.
Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da qurulub. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri 2023-cü il noyabrın 2-də olub. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak edib. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev isə ötən il noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə işgüzar səfərdə olub.
Dostluq və qardaşlıq əlaqələrinin rəmzi. Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib. İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır.
Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib.
Tükəzban Mehtiyeva,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini