Günəş elektrik stansiyasının gücü 230 meqavatdır.
2024-cü il martın 1-də Bakıda “Gülüstan” Sarayında baş tutan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası Cənub Qaz Dəhlizinin inkişafı və qaz tədarükünün artırılması, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin yaradılması və bərpa olunan enerjinin imkanlarından istifadə mövzularında plenar sessiyalarla yadda qaldı.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etdi ki, bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir: “Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur”. Gələcək planlardan söz açan Prezident İlham Əliyev vurğuladı ki, bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub: “Bizim bərpa olunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq. Bərpaolunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq”.
“BƏƏ-nin “Masdar” şirkəti tərəfindən inşa olunan günəş elektrik stansiyasının gücü 230 meqavatdır. Bu, hələ başlanğıcdır. 2030-cu ilə qədər 5 qiqavat günəş elektrik enerjisinin istehsalə planlaşdırılır. Bu, böyük irəliləyişdir. “Yaşıl enerji” sahəsində əsas investorlar BƏƏ-nin “Masdar” və Səudiyyə Ərəbistanının “Aqua Power” şirkətləridir. Bərpa olunan enerji resursları baxımından nəhəng potensialımız var. Həm Xəzər dənizində, həm də respublikanın müxtəlif ərazilərində alternativ enerji mənbələri zəngindir. Regionlar üzrə hazırlanmış xüsusi atlaslar vasitəsilə bir daha əmin oluruq ki, potensialımız böyükdür. Xüsusən Qara dənizin dibi ilə ötürüləcək “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Azərbaycan Avropaya yaşıl enerji ötürən əsas ixracatçılardan birinə çevriləcək. Bu təşəbbüs region üçün xüsusi önəm daşıyır. Avropa İttifaqında elektrik enerjisinin istehlakı artacaq. Beləki 2030-cu ilə qədər 16 faizdən artıq və 2040-cı ilə qədər təxminən 80 faizə qədər elektrik enerjisi tələbatının artması nəzərdə tutulur”.
COP29-un Azərbaycanda təşkil edilməsi barədə yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir. Azərbaycanın COP 29-a ev sahibliyi etməyi üzərinə götürməklə öz iradəsini nümayiş etdirdi və digər dövlətlər tərəfindən bu təşəbbüs dəstəkləndi. Neft və qazla zəngin ölkə olmağımızla yanaşı, “yaşıl enerji”yə keçid prosesində də aktiv iştirak edirik. Azərbaycan Cənub Qaz Dəhlizini inkişaf etdirməklə yanaşı Yaşıl Enerji Dəhlizi layihəsini də reallaşdıracaq və gələcəkdə buna bənzər layihələri də uğurla icra edəcək”.
Şölə Bağırova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini