Loading

Xalqımıza qarşı böyük və çirkin cinayət.

Dünyanı sarsıdan Xocalı faciəsinin baş verdiyi gündən nə qədər zaman keçsə də, Azərbaycan xalqı bu ağrı-acını heç vaxt unutmayacaq. Həmişə kədər hissi ilə xatırlayacaq. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri hələ SSRİ dövründən Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikasının və şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhəri üzərinə hücuma keçərək burada qırğın törətdilər. Hücum qəfil və güclü olduğuna görə yağıların qarşısını almaq mümkün olmadı. Həmin gecə ermənilər Xocalıya hücum zamanı 613 nəfəri vəhşicəsinə qətlə yetirmişdilər. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə yaşlı insanlar olmuşdu. 8 ailə tamamilə məhv edilmişdi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərdən birini itirmişdi. Qanlı hadisələrdə 487 nəfər şəhər sakini yaralanmışdı ki, onlardan 76-sı uşaq idi. 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir aparılmışdı. Əsir aparılanlardan 150 nəfərin taleyi bu günə qədər də məlum deyil. Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonunda məskunlaşmış Xocalı sakinləri Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsinin ümidi ilə yaşayırdılar.

Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın böyük xidmətləri olub. Məhz Leyla xanımın təşəbbüsü ilə yaradılmış “Xocalıya ədalət” kampaniyası Xocalıda ermənilərin törətdikləri vəhşilikləri bütün dünyaya olduğu kimi çatdırdı. Bundan sonra bir neçə Avropa və Cənubi Amerika dövlətləri, o cümlədən ABŞ-ın 10-dan çox ştatı Xocalı hadisəsini soyqırım kimi tanıdı. Lakin hələ də əksər dünya dövlətləri bu faciəni soyqırım kimi tanımır. Bu dövlətlər 10 illiklərdir orada fəaliyyət göstərən erməni lobbisinin milyarderlərinin əlində oyuncağa çevriliblər.

2020-ci ildə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusunun mərd, cəsur əsgər və zabitləri Ermənistan ordusunu məğlub edərək torpaqlarımızı işğaldan azad etdi. 2023-cü ildə isə Prezidentimizin qətiyyətli siyasəti, möhkəm siyasi iradəsi və Azərbaycan Silahlı Qüvvələrinin igidliyi sayəsində Qarabağda separatizmin kökü birdəfəlik kəsildi. Xankəndində, Xocalıda və işğaldan azad edilmiş bütün şəhər və kəndlərimizdə Azərbaycan bayrağı dalğalandırıldı. Bununla da hərb meydanında Birinci Qarabağ müharibəsində şəhid olmuş hərbiçilərimizin, Xocalı qurbanlarının qisası alındı. Vətən müharibəsində ermənilər yenə də vəhşiliklər törətdilər. Azərbaycan əsgəri ilə bacarmayan ermənilər Gəncəni, Bərdəni, Tərtəri raket atəşinə tutaraq dinc əhalini qətlə yetirdilər. Prezident cənab İlham Əliyevin əmrinə əsasən Azərbaycan əsgəri əsl mərdlik, qeyrət nümayiş etdirərək dinc erməni əhalusinə, yaşayış evlərinə, mülki obyektlərə bir güllə belə atmadılar. Prezidentimiz bütün dünyaya düşmənlə müharibə aparmaq mədəniyyətini nümayiş etdirdi.

Prezident İlham Əliyev fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı qeyd etmişdir ki, biz sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra dərhal göstəriş verdim ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin. Çünki mənfur düşmən qanlı soyqırımı törətmişdir, xocalılıları öz doğma torpağından didərgin salmışdır. Üstəgəl Xocalının tarixi adını dəyişdirməyə çalışırdı və azərbaycanlıların evlərinə separatçıları, düşmənləri yerləşdirmişdi, o cümlədən xarici ölkələrdən. Görün, xalqımıza qarşı nə qədər böyük və çirkin cinayət törədilmişdir və yenə də deyirəm, dünya buna biganə qalmışdır. Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir.

 

Tükəzban Mehtiyeva,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın