“Xocalıya Ədalət” kampaniyası.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni millətçi-şovinistləri tərəfindən azərbaycanlılara qarşı misli görünməmiş etnik təmizləmə, soyqırım aktı həyata keçirilib. Həmin qanlı aksiya zamanı aralarında uşaqların, qadınların və qocaların da olduğu 613 nəfər azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib.
Ümummilli Liderin ölkə rəhbərliyinə qayıtmasından sonra Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. 1994-cü ildə ulu öndərimizin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, 26 fevral günü – “Xocalı soyqırımı və milli matəm günü” kimi qəbul olunub və bütün beynəlxalq təşkilatlar bu barədə məlumatlandırılıb. Bu dövrdən etibarən ölkə miqyasında və ölkəmizdən kənarda Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsinə başlanılıb. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyət Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son illər ərzində Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyət nəticəsində çox ciddi uğurlar əldə olunub.
Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının xüsusi əhəmiyyəti vardır. Kampaniya ilk gündən Xocalı soyqırımının, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılmasını qarşısına məqsəd qoyub. Kampaniyanın fəaliyyəti, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə, sağ qalmış ailələrə dəstək göstərilməsinə, bu hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib.
Kampaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məqsədyönlü təbliğat tədbirləri həyata keçirilir, Azərbaycanın haqq səsi dünyaya çatdırılır. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində məqsədyönlü fəaliyyətin miqyası ildən ilə genişlənir. Bu illər ərzində Xocalı həqiqətlərini əks etdirən müxtəlif təbliğat və maarifləndirmə vasitələri istər ölkəmizdə, istərsə də xarici ölkələrdə dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına start verildikdən sonra keçirilən ardıcıl tədbirlər, müxtəlif xarici ölkələrin siyasi və ictimai dairələri ilə aparılan izahat işləri nəticəsində Xocalı soyqırımı barədə həqiqətlərin dünyada tanıdılması geniş vüsət alıb. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. Ayrı-ayrı ölkələrdə keçirilən tədbirlərdə xaricdə təhsil alan tələbə gənclərimizin fəallıq göstərməsi də bu sahədə işlərin miqyasını və əhəmiyyətini artırmışdır. Kampaniya çərçivəsində aparılan işlər özünün müsbət nəticələrini verib. Artıq Xocalı hadisələrini rəsmi şəkildə soyqırımı kimi tanıyan dövlətlərin sayı ildən ilə artmaqdadır. “Xocalıya ədalət!” kampaniyası bu tədbirlərə daha çox insanın cəlb olunmasında və bu tədbirlərin daha geniş coğrafiyaya yayılmasında ciddi rol oynayıb. Artıq bu təbliğat kampaniyası Amerikadan Avropaya, Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq ölkələri, Avstraliya, hətta Afrikaya qədər geniş bir coğrafiyanı əhatə edir. Aparılan ümumi işin nəticəsi olaraq bu gün dünyanın bir çox ölkə və təşkilatları Xocalı hadisələrini soyqırımı kimi tanıyıb. Meksika Senatı Xocalı faciəsini soyqırımı adlandırıb, Pakistan soyqırımı pisləyən qətnamə qəbul edib, Kolumbiya Parlamenti hadisəni soyqırımı kimi tanıyıb, Çexiya, Bosniya və Herseqovina parlamentləri Xocalı soyqırımını rəsmən tanıyıb, Peru, Honduras, Cibuti parlamenti, ABŞ-ın 24 ştatı Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul edib. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı da Xocalı qətliamını soyqırımı və insanlığa qarşı cinayət kimi tanıyıb və bu proses davam etməkdədir.
Qeyd edək ki, Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya yayılması, 44 günlük Vətən müharibəsi gedişində ədalətli mövqeyimizin dəstəklənməsi baxımından xüsusi siyasi əhəmiyyət daşıyıb. “Xocalıya ədalət!” çərçivəsində illərlə davam etdirilən məqsədyönlü işlərin Böyük Qələbəmizdə xüsusi yeri vardır.
Fərhad Baxışov,
YAP Neftçala rayon təşkilatının əməkdaşı