Loading

Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır.

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 32 il ötür. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü.

Artıq 30 ildir ki, bəşəriyyət, sivil dünya Xocalı qətliamından xəbərdardır. Hər kəs bilir ki, Xankəndinin 10 kilometrliyində yerləşən bu şəhərin 7 minə yaxın əhalisi bir gecədə məhv edildi. Soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla qətlə yetirilib.

Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ildə irəli sürülmüş “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının mühüm rolu olub. Bu kampaniya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı ermənilərin Xocalıda törətdikləri mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb.

Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları, həmçinin ABŞ-ın 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir.

8 dekabr 2011-ci il tarixli qətnaməsində Meksika Senatı 1992-ci il 26 fevral tarixində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində mülki əhaliyə hücum etdiyini və bir çox müstəqil mənbələrdə tam olaraq sənədləşdirildiyi kimi yüzlərlə adamı qətlə yetirərək soyqırım törətdiyini qeyd edir.

1 fevral 2012-c ildə Pakistan Senatının Xarici əlaqələr komitəsi tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycan ərazilərinin işğalı və Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırım yekdilliklə qınanır.

22 aprel 2012-ci il tarixində Kolumbiya Respublikasının Senatı Azərbaycan ərazilərinin işğalına dair sənəd qəbul etmişdir. Bu sənəd 1992-ci ildə Xocalıda baş verən hadisələri soyqırım kimi qiymətləndirir, Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsini pisləyir və Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi ifadə edir.

7 avqust 2013-cü ildə Panama Respublikasının Milli Assambleyası “Ermənistan qüvvələri tərəfindən Azərbaycan ərazisinin işğalı üzrə” qətnamə qəbul etmişdir. Assambleya Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını və münaqişə, xüsusən də 1992-ci ildə Xocalı soyqırımı zamanı azərbaycanlıların hüquqlarının pozulmasını ciddi şəkildə pisləyir. Bundan əlavə, bu qətnamə Ermənistanı BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinə əməl etməyə çağırır.

1 sentyabr 2014-cü ildə Sudan Milli Assambleyasının Xarici əlaqələr komitəsi “Xocalı qırğını üzrə bəyanat” qəbul etdi. Bəyanatda İslam Əməkdaşlıq Təşkilatının 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İslam Zirvə Konfransının Yekun Kommünikesi xatırlanaraq, Xocalıda törədilmiş kütləvi qırğınlar soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınır, Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənir, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunur və Ermənistan öz silahlı qüvvələrini işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz olaraq çıxarmağa çağırılır.

Amerika Birləşmiş Ştatlarının ondan çox ştatının, o cümlədən Arkanzas (08.02.2013), Konnektikut (16.04.2013), Corciya (24.02.2012), İndiana (03.03.2014), Men (13.03.2012), Massaçusets (25.02.2010), Nyu-Cersi (25.02.2012), Nyu-Meksiko (28.01.2013), Oklahoma (20.02.2013), Pensilvaniya (20.03.2013 və 02.03.2015), Tennessi (19.03.2013), Texas (03.03.2011) and Uest Virciniyanın (03.04.2013) Nümayəndələr Palatası Xocalı soyqırımını tanıyan və xatırlayan müvafiq sənədlər qəbul etmişdir. Bu sənədlərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı və Xocalıda 600-dən çox dinc sakinin öldürülməsi pislənir və qurbanların xatirələri yad olunur. Corciya ştatının Nümayəndələr Palatasının 1594 saylı qətnaməsində Amerika qanunvericiləri tərəfindən qəbul olunan sənədlərdə ilk dəfə olaraq Xocalıda törədilən qırğına görə Serj Sarkisyanın adı qeyd olunmuşdur.

20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamə qəbul edilmişdir.

2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar.

Məlum olduğu kimi 44 günlük Vətən müharibəsində qazanılan Qələbə, yəni torpaqlarımızın işğaldan azad edilməsi, Şuşada Azərbaycan bayrağının dalğalanması dünyaya göstərdi ki, biz torpaqlarımıza, Qarabağımıza qayıtmışıq! Bu qayıdış təkcə bizim haqqımızın bərpası deyildi, bu, həm də şəhidlərimizin, Xocalı qurbanlarının qisası idi.

Pərviz Hacıyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri 

Bir cavab yazın