Loading

Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir.

Cənab İlham Əliyevin prezident seçkilərindən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə etməsi  bir çox məqamlara aydınlıq gətirdi. Bir daha sübut olundu ki, dünya Azərbaycan və Türkiyənin münasibətlərində əsil qardaşlığın, dostluğun nümunəsini görür. Çünki bu birlik qarşılıqlı etimada, səmimiyyətə əsaslanır. Ölkələr arasında əlaqələrin yüksələn xətlə inkişafında bu amillər əsasdır. Dövlət başçısı İlham Əliyev səfər çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi təkbətək, həmçinin geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında bu məqamı da xüsusi vurğuladı ki, biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. Böyük öndərlər- Mustafa Kamal Atatürkün “Azərbacanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tezisləri bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı, Azərbaycan-Türkiyə qardaşlığına, dostluğuna bələdçilik edir. Bu gün münasibətlərimizin müttəfiqlik səviyyəsi artıq sənəddə öz təsdiqini tapıb. Qürurvericidir ki, tarixi Zəfərimizdən sonra atılan bu mühüm addıma Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşa şahidlik etdi. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkənin münasibətlərinin bundan sonrakı inkişafı üçün yol xəritəsi oldu. Sevincli, kədərli anlarda daim biri-birinə dəstək olan Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsinə xidmət edən addımlar dünyanın diqqətindədir. Münasibətlərin əsas göstəricilərindən biri dövlət başçılarının qarşılıqlı səfərləri, ən əsası Prezident seçildikdən sonra ilk səfərlərini məhz Azərbaycana, yaxud Türkiyəyə etmələridir. Bu səfərlər çərçivəsində müzakirə edilən məsələlərlə bağlı ümumi fikirlər, imzalanan sənədlər sonrakı addımların atılmasında stimulverici amildir.

Bu mühüm məqamı da qeyd etməliyik ki, qarşılıqlı səfərlər çərçivəsində imzalanan sənədlər əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsində öz sözünü deyir. O da məlumdur ki, ötən il Azərbaycan və Türkiyə Prezidentləri Naxçıvanda görüşdülər. Həmin səfər çərçivəsində İğdır-Naxçıvan qaz xəttinin təməli qoyuldu. Vaxtilə Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürü olan TANAP layihəsinin təməlinin qoyulması, həmçinin açılışı da iki dost ölkənin Prezidentlərinin iştirakı ilə həyata keçirildi. Ötən il isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start verildi. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolu imzalandı. Digər layihələr kimi, bu layihələrin də uğurla icra ediləcəyinə böyük əminlik ifadə edildi. Hər iki ölkənin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən hər bir layihə regionda sabitliyin, sülhün qorunmasına, əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edir. Cənab İlham Əliyev mətbuata bəyanatında bu reallığı da xüsusi vurğuladı ki, vaxtilə qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik. Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edildi. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir. Nəqliyyat ilə də eyni mənzərə müşahidə edilir. O da bildirildi ki, Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir.

Səfər şərçivəsində Prezidentlərin təkbətək, həmçinin geniş tərkibdə görüşlərində iki ölkənin ayrı-ayrı sahələrdə birgə reallaşdırdıqları layihələrdən, atılan addımların uğurlu nəticələrindən geniş bəhs edildi və qarşıdakı dövrdə görüləcək işlərin anonsu verildi. Təbii ki, imzalanan sənədlər yeni hədəflərin aydın mənzərəsini yaradır. Bu sənədlər arasında Azərbaycan-Türkiyə Universitetinin yaradılmasına dair Anlaşma Memorandumunu xüsusi qeyd etmək istərdik. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, birliyimizin növbəti rəmzidir: “Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.”

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, möhkəm təmələ əsaslanan Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaranır.

 

Fəyyaz Quliyev,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın