Xronoloji dövrün əsaslandırılması.
Prezident İlham Əliyev 14 fevral tarixində, Milli Məclisdə andiçmə mərasimindəki nitqində ilk dəfə dövlət başçısı seçilərkən xalqa verdiyi vədlər içərində ən önəmlisi olan ölkənin ərazi bütövlüyünün və suverenliyinin artıq təmin edildiyini rəsmi təntənə ilə vurğuladı:- “Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan–Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir”. Müstəqillik illərində qazanılmış tarixi nailiyyətlərdə Xalq – Lider birliyinin xüsusi rolunu xatırladan dövlət başçısı bu tandemin gündən-günə daha ciddi önəm daşıdığını qeyd etdi “Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır. Əlbəttə, bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu demək olar ki, gündəlik həyatda görürük”.
Azərbaycanda seçki prosesi başa çatmışdır. Prezident İlham Əliyev 92,12 % səs toplayaraq yenidən dövlətə başçı seçilmişdir. Dünyanın müxtəlif ölkələrinin KİV orqanları bu seçkini Azərbaycan dövləti üçün strateji əhəmiyyəti olan hadisə kimi təqdim etməkdədirlər. Beynəlxalq internet nəşrləri Prezident İlham Əliyevin qalib gəlməsini “xalq üçün qələbə” adlandırmışdır. Bunu yüksək seçici fəallığı ilə əlaqələndirmişdir. Müasir mərhələdə bu ifadəyə tez-tez rast gəlmək olar. Demək olar ki, əksər ölkələrdə dövlətə başçı qələbəsini “xalq üçün qələbə” kimi təqdim edir. Doğurdan da Azərbaycan Prezidentinin seçkidəki qələbəsi birbaşa xalq üçündür! İlham Əliyev hər addımında Azərbaycan xalqının maraqlarını nəzərə almışdır. Hər şeydən öncə, İlham Əliyev Azərbaycanda siyasi liderliyin standartlarını xalqın mənafeyi naminə yeniləşdirən liderdir. Məsələn, o, quruculuq prosesini reklam etmədən, strateji məqsədini kimsəyə açıqlamadan, lakin qətiyyət, inam və yüksək məntiqlə aparan lider oldu! Bu, Cənubi Qafqaz kimi bir regionda asan məsələ deyildir. Xüsusilə müxtəlif dairələrin qondarma bəhanələrlə Azərbaycana təzyiq göstərmək cəhdlərinin mövcud olduğu bir şəraitdə strateji planları davamlı həyata keçirmək böyük siyasi-diplomatik və idarəetmə məharəti tələb edir. Prezident İlham Əliyev 21 ildir ki, bu istiqamətdə son dərəcə bacarıqlı olduğunu, böyük uğurlar qazandığını həm xalqına, həm də dünya ictimaiyyətinə sübut etmişdir! İlham Əliyev çıxışlarında daima özü üçün mühüm saydığı iki məqamı vurğulamışdır. Onlardan biri Ulu öndər Heydər Əliyevin siyasi varisi kimi dövlət quruculuğu xəttini davam və inkişaf etdirmək, Ümummilli liderin siyasi kursuna əməl etməkdən ibarətdir. Digəri isə xalqın mənafeyini gözləmək, milli maraqları təmin etməkdir. Bu iki faktorun birliyində İlham Əliyev siyasətinin hər bir hissəsinə məzmun vermişdir və praktiki olaraq onları qətiyyətlə və uğurla həyata keçirmişdir. O cümlədən, regional və qlobal miqyaslarda geosiyasi aspektdə fəaliyyətində bu mövqeni səmərəli olaraq dövlətlərarası münasibətlərə proyeksiya edə bilmişdir. Bunun nəticəsi kimi daxili islahatlarla yanaşı, enerji strategiyasında, müxtəlif beynəlxalq təşkilatlarda, çoxlu sayda dövlətin milli təhlükəsizliyinin təmin edilməsində, türk xalqları arasında əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsində misilsiz xidmətləri olmuşdur. Məhz İlham Əliyevin fəaliyyəti sayəsində Cənubi Qafqaz xalqları hələlik müharibədən uzaqdırlar.
Yaxın perspektivdə Azərbaycan dövlətçiliyini çox böyük uğurlar və nailiyyətlər gözləyir. Bu prosesdə cəmiyyətin, hər bir vətəndaşın üzərinə də böyük məsuliyyət düşür. Prezidentə öz fəallığımızla, dövlətçi əməllərlə, milli təfəkkürlə bəşəri mədəni dəyərlərin harmoniyasına nail olmaqla, yüksək təhsilli, dilinə, dininə və mədəniyyətinə yüksək sayğısı olan insan kimi dəstək verməliyik. Quruculuq kollektiv işdir. Lider onun memarı, müəyyənedicisi, strateji təşkiledicisi və bütün mənalarda aparıcısıdır. Azərbaycanın müstəqil güclü dövlətçiliyi daim yüksək zirvələrdə olsun!
Nicat Axundzadə,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini