Loading

Vacib vəzifələrdən biri bərpaolunan enerji ilə bağlıdır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP 29 bu il Azərbaycanda keçiriləcək. COP 29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bununla yanaşı, Prezident ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində də bu məsələyə xüsusilə nəzər salıb: “Digər vacib vəzifələrdən biri bərpaolunan enerji ilə bağlıdır. Burada da biz ön sıralardayıq, artıq işlərə start verildi. Bizim planlarımıza görə, 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri, yeni enerji növləri yaradılmalıdır, əsasən günəş, külək və hidro – su elektrik stansiyaları. Dediyim rəqəm tam realdır, bu, artıq imzalanmış kontraktlar əsasında olacaqdır. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcmdə təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq. Elektrik enerjisinin böyük hissəsi bərpaolunan enerji hesabına istehsal ediləcək. Biz iqlim dəyişikliyi məsələlərinə də öz töhfəmizi vermiş olacağıq, xüsusilə nəzərə alsaq ki, Azərbaycan bu il COP29-a – dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcək. Ona görə bərpaolunan enerji növləri ilə bağlı bizim hədəflərimiz aydındır. Onu da bildirməliyəm ki, bütün bu layihələr xarici investorlar tərəfindən icra edilir və ediləcək. Əgər belə demək mümkündürsə, biz indi xarici investorların rəqabət prosesini də görürük. Çünki o qədər çox ölkə Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyir ki, bizim bu qədər imkanımız hələ ki yoxdur. Halbuki Dünya Bankının qolu olan Beynəlxalq Maliyyə Korporasiyası təkcə dənizdə külək potensialımızı 157 min meqavat səviyyəsində təsbit edib”.

 

Vurğun Şirəliyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın