Loading

Sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir.

Azərbaycanda canlarını Vətən torpağı uğrunda fəda edən şəhidlərimizin xatirəsi əziz tutulur, müharibə əlillərinə böyük ehtiram bəslənilir. Azərbaycan dövləti daim bu qəbildən olan ailələrin və əlillərin yanında olmaq nümunəsi sərgiləyir. “Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Mənim bu sahədəki siyasətim birmənalıdır”, – deyə dövlətimizin başçısı dəfələrlə vurğulayıb.

Müharibədən sonrakı dövrdə şəhid ailələrini, müharibə iştirakçılarını, müharibədə yaralanmış hərbçiləri, müharibə əlillərini, erməni terrorundan zərər çəkənləri əhatə edən çevik və genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir. Eyni zamanda, şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı dəfələrlə genişlənib. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı 2014-2019-cu illərdə uçota alınmış şəxslərə və 2020-ci ildə hərbi əməliyyatlarda, o cümlədən Vətən müharibəsində şəhid olanların ailələri və əlillərinə 2021-2025-ci illərdə mərhələli şəkildə mənzil və fərdi evlərin təqdim edilməsini nəzərdə tutur.

Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində bir daha bu məsələyə toxunaraq bildirib ki, sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir. Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən 14 min 800 fərdi ev və ya mənzil verilmişdir. “Bu kateqoriyadan olan insanların 100 faiz evlərlə təmin edilməsi prosesi sürətlə gedir, o cümlədən bu il və gələn il bu işlər görüləcək”, – deyə dövlət başçısı əlavə edib.

 

Elşən Ağalarov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın