Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara Prezident təqaüdünün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub.
Mübariz Tağıyev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri