Loading

Dünya idman tarixində bir ilk.

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O öz həyatını qurarkən, öncə, müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Həmçinin, hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bugünü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur.

Son illərdə idmanın inkişafı istiqamətində atılan addımlar göz qabağındadır. Bu uğurların təməlində ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət dayanır. Məhz ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də  ulu öndər Heydər Əliyevin idman siyasətinin təntənəsi kimi dəyərləndirilir. Ümummilli lider Heydər Əliyev  “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və  hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində  tanınır. Demək olar ki,  idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir  vasitə yoxdur” fikirləri ilə bu sahənin inkişafına  verilən önəmi şərtləndirən əsas amilləri  diqqətə çatdırırdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas tərkib hissəsinə çevirən ulu öndər Heydər Əliyev fiziki cəhətdən sağlam gənclərin yetişdirilməsini vacib amil kimi önə çəkdi. Dahi şəxsiyyətin bu istiqamətdə atdığı  biri-birindən əhəmiyyətli addımların  möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində  Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. Bu sahədə uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, paytaxt və bölgələrdə  yaradılmış müasir idman infrastrukturu da bu göstəriciləri tamamlayır. Buna ölkəmizdə  keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman  sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir.

Məlum olduğu kimi, ölkəmizdə hər il dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə  konkret bir sahənin adı ilə bağlanır. 2012-ci ilin “İdman ili” elan edilməsi də bu sahənin inkişafına diqqət və qayğının bariz nümunəsi idi. Sərəncamda da bu fikir öz əksini tapmışdır ki,  Azərbaycanda idmanın inkişafı ildən-ilə geniş vüsət alır. Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bu günə qədər Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakı və minlərlə  medala layiq görülməsi bunun əyani sübutudur.

İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatlarının, habelə  futbol üzrə qadınlar arasında dünya çempionatının keçirilməsi bunu bir daha təsdiq edir. Ən əsası 2015-ci ilin dünyanın idman tarixində yeni bir səhifə açması-ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etməsi uğurlarımızın zirvə nöqtəsi kimi dəyərləndirildi. Avropa Olimpiya Komitəsinin  prezidenti Patrik Hikkinin qeyd etdiyi kimi, birinci Avropa Oyunlarının keçirilməsi ilə dünyanın Qitə Oyunlarına çatışmayan  beşinci həlqə əlavə olundu.

 

Aqşin Hüseynli,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın