Əsl səbəb və obyektiv həqiqət.
Avropada və dünyadakı bəzi qərəzli və ədalətsiz təsisatlar kimi, Avropa Şurası da Azərbaycanın qələbələrini, son zamanlar qazandığı uğurları qəbul edə bilmir. Qurumun deputatları bu məsələlərlə bağlı ermənipərəst, ədalətsiz və qərəzli mövqelərini xüsusilə Azərbaycanın siyasi proseslərin astanasında olduğu bir vaxtda daha açıq şəkildə nümayiş etdirirlər.
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin Azərbaycana qarşı əsassız bəyanat səsləndirməsi təsadüfi deyil. Avropa Şurasında bu mövqenin əsassız iddialarla, bəhanələrlə ifadə edilməsi təəssüf doğurur. Onlar fikirlərini bu şəkildə əsaslandırırlar ki, Azərbaycan Avropa Şurasının nümayəndələrini Laçın dəhlizinə buraxmayıb və Avropa Şurası ölkəmizdə prezident seçkilərini müşahidə etmək üçün dəvət olunmayıb. Lakin Avropa Şurası həmin təşkilatdır ki, Azərbaycan müstəqillik qazandıqdan sonra 1992-ci ildən bu təşkilata üzv olmaq üçün müraciət edib. Əslində bizim o zaman bu təşkilata üzv olmaq üçün müraciət etməyimizin əsas səbəbi keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı idi. Yəni, o zamanlar Azərbaycan ərazisinin bir hissəsi işğal altında idi. 1992-ci ildə etdiyimiz müraciətə təxminən 10 ildən sonra cavab verildi və 2001-ci ildə Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü oldu. Avropa Şurasına üzv olduqdan sonra Azərbaycan ilə bu qurum arasında münasibətlər çox yüksək səviyyədə olub. Lakin münasibətlərin yüksək səviyyəsinə baxmayaraq, torpaqlarımızın 30 ilə yaxın işğal altında olduğu dönəmdə Avropa Şurası tərəfindən Ermənistana qarşı hər hansı ciddi bəyanat səsləndirilmədi, heç bir sənəd qəbul edilmədi. Avropa Şurası bu gün bəzi ermənipərəst qüvvələrin, bir sıra qərəzli və ədalətsiz güclərin alətinə çevrilməkdədir. Fransa və onun təsiri altına düşən Almaniya bu məsələdə Avropa Şurasının sükanını öz əlinə alıb və onu idarə edir.
AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən, guya ki, bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir.
Bunu sübut edəcək faktlara nəzər salaq; birincisi, Frank Şvabe təşəbbüsü irəli sürərkən çıxışında “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulmasını, AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib.İkincisi, AŞPA 23 oktyabr 2023-cü ildə “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində açıq-aşkar Azərbaycan təhdid edilir, 19 sentyabrda baş tutan lokal xarakterli antiterror əməliyyatları hərbi əməliyyatlar kimi qiymətləndirilir, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyət”indən ciddi narahatlıq ifadə edilir və ölkəmiz nümayəndə heyətinin etimadnaməsinin 2024-cü ilin ilk iclasında tanınmamayacağı ilə hədələnir. Bu siqnal o zaman verilmişdi ki, onda növbədənkənar prezident seçkiləri elan olunmamış, ümumiyyətlə bununla bağlı hər hansı bir məlumat müzakirəyə çıxarılmamışdı. Eləcə də ötən ildə AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib. AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul edib.
Göründüyü kimi bütün bu proses vahid bir mərkəzdən idarə olunur və müxtəlif istiqamətlərdə Azərbaycana qarşı təzyiq göstərirlər. Ancaq bütün bu cəhdlərin heç bir mənası olmayacaq. Bizim üçün nə qədər AŞPA önəmli idisə, Azərbaycan ondan da artıq səviyyədə Avropa üçün önəmli bir tərəfdaşdır vəbu reallığı heç zaman unutmamalıdırlar.
Elnarə Əliyeva,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri