Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verib.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir.Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.
AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edilərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış yarım-sessiyasının açılış günündə (22 yanvar) AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Deputatların etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir. Frank Şvabe təşəbbüsü irəli sürərkən çıxışında “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib”.Qalmaqallı təşəbbüs formal olaraq Almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir.
Bəllidir ki, Fransa və Almaniya tandem şəklində çıxış edirlər. Bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adıçəkilən ölkənin nüfuzdan düşməsidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır.Fransa Azərbaycana qarşı bu qurumdan istifadə edir və ölkəmizə təzyiq göstərir.AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır.Avropa İnsan Hüquqları Məhkəməsi Qərbin 5-ci kolonunu müdafiə edir və sifarişli qərarlar çıxarır.AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanı məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir.
2023-cü ildə AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib. AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul edib.AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrini mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən guya bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir.
Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir.AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Qəbul olunmuş qərar öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Artıq bu problem həll olunub və hazırda nəinki dünya səviyyəsində, heç Avropada da heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur.
Talıb Əhmədli,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri