Loading

Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. 

20 Yanvar qanlı faciəsindən artıq 34 il ötür. Həmin dəhşətli, insanlığa xas olmayan hadisələr sanki dünən baş vermişdir.  O qanlı gecədə sinələrini düşmən gülləsinə sipər edən, ayaqdan- başa qədər ən müasir silah-sursatla təchiz olunmuş imperiya ordusunun qarşısına əliyalın çıxan mərd oğul və qızlarımız Bakının ən uca zirvəsində salınmış, bu gün hər bir kəsin ziyarətgahına çevrilmiş “Şəhidlər xiyabanı”ında uyuyurlar. Qəhrəman oğul və qızlarımız Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, bugünümüz, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını qurban verənlərdir. Vaxtilə bu qanlı hadisələrə görə daha çox ağlayıb-sızlayır, qəm dəryasına batır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıqsa, indi kədərlənməklə yanaşı, ürəklərdə sonsuz qürur hissi də baş qaldırır. Bu gün hər bir vətəndaşımız Qalib Azərbaycanda yaşamasından qürur hissi keçirir. Bu qalibiyyətin əsasını da, şübhəsiz ki, qəhrəman 20 Yanvar şəhidləri qoydu. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çoxlu şəhid verdi. Lakin bu mübarizədə xalqımızın iradəsi sınmadı və milli ruhu sarsılmadı. Vətənin bir qarışını belə düşmənə qıymayan cəsarətli, qorxmaz, mərd övladlarımız misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi ən müasir silahlarla silahlanmış imperiya ordusuna qalib gəldi. Bu, 20 Yanvar faciəsini səciyyələndirən ən mühüm məqamlardan biridir. Vaxtilə Ulu öndər Heydər Əliyev bu barədə danışarkən demişdir: “1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Bu qanlı faciədən sonra sovet imperiyası Aszərbaycanda özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatdı, Sov.İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etdilər. “1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. İnsanlığa xas olmayan bu faciəyə ilk ilk siyasi-hüquqi qiymət də ulu öndər tərəfindən verildi.  Ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Xalqın təkidi ilə müstəqil Azərbaycana siyasi rəhbərliyə qayıtdıqdan sonra Heydər Əliyev təhlükələrdən qorxub çəkinmədi. Sovet hakimiyyətinin 20 Yanvar cinayətinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Ulu öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. 20 Yanvar həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan bir xalqın tarixində şərəfli səhifədir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması 20 Yanvar şəhidlərinin, ümumilikdə torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin qanının yerdə qalmamasının təsdiqidir.

 

Cavad Mirzəyev

YAP Neftçala rayon təşkilatının sədr müavini

Bir cavab yazın