Önəmli mesaj.
“Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Cənab İlham Əliyev Azərbaycanın xarici siyasət uğurlarından, enerji diplomatiyasından, dünyanın enerji xəritəsini dəyişən layihələrdən, hazırkı dövrün əsas çağırışlarından olan yaşıl enerjiyə keçiddən, yeni əməkdaşlıq formatlarının yaradılması təşəbbüslərindən, gücümüzün əsas mənbəyi olan haqlı mövqeyimizdən, dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən və digər məsələlərdən bəhs edərək bu siyasi həqiqəti təsdiqlədi ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər.
Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadıqları bunun bariz nümunəsidir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin həyatında yeni mərhələnin başlanğıcı oldu. Sabit inkişafın bünövrəsi məhz 1993-2003-cü illərdə qoyuldu. 2003-cü ildə isə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Cənab İlham Əliyev müsahibəsində bu məqamı xüsusi vurğuladı ki, bugünkü reallıqları 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər.”
Prezident İlham Əliyev müsahibədə Azərbaycanın beynəlxaq nüfuzunun əsas göstəricilərindən biri kimi Qoşulmama Hərəkatına sədrliyini qeyd etdi. Bu sədrlik ölkəmizə BMT-dən sonra ən iri təşkilata rəhbərlik etmək kimi əvəzolunmaz təcrübə verdi, doğru yolda olduğumuza dair daha böyük əminlik yaratdı. Çünki Azərbaycan Hərəkatın yaranmasının təməl prinsiplərini – dövlətlərin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini həmişə dəstəkləyib və dəstəkləyir. Cənab İlham Əliyev bu çağırışı da etdi ki, inteqrasiya prosesləri könüllülük əsasında həyata keçirilməlidir. Hazırda beynəlxalq analitiklər Azərbaycanı daha yaxşı tanıyırlar. Gözəl başa düşürlər ki, siyasət uzaqlaşma deyil, dostluq zəminində aparılmalıdır, Bu, əməkdaşlıq üçün ən yaxşı yoldur. Heç bir inteqrasiya əsas inteqrantın üstünlüyünə gətirib çıxarmamalıdır. İndi Avropa İttifaqı məkanında bəzi Avropa ölkələrinin, onların öz ölkəsində böyük dəstəyə malik olan rəhbərlərinin necə “ağ qarğaya” çevrildiyini görürük, çünki onların mövqeyi ümumi istiqamətdən fərqlənir.”Millət vəkili qeyd edib ki, cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünyaya daim qardaşlıq nümunəsi olan Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin təqdimatı baxımından da xüsusi diqqətdə oldu: “Hər zaman bir yerdə olan iki qardaş ölkənin liderlərinin qardaşlıq münasibətləri əlaqələrimizin inkişafında öz sözünü deyir. “Bir millət, iki dövlət” olan Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı tarixi Zəfərimizdən sonra daha da möhkəmləndi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günündən son gününə qədər Azərbaycanın yanında oldu, siyasi və mənəvi dəstəyini əsirgəmədi. Bu dəstək bir çoxlarına mesaj idi. Bu, sadəcə olaraq, Azərbaycan xalqına həmrəylik və dəstək mesajı deyildi. Bu, müharibəyə qarışmaq istəyənlərə bir ciddi mesaj idi ki, kənarda durun. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır. Dövlət başçısı İlham Əliyev müsahibədə “Bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram” fikirləri ilə dünyanın diqqətini bir daha bu dostluğa, qardaşlığa yönəltdi. Tarixi Zəfərimizdən sonra Qarabağın tacı Şuşanın şahidliyi ilə imzalanan Müttəfiqlik Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin bu gününün və gələcəyinin yol xəritəsidir.”
Elşən Hətəmov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini