Loading

İcra olunan infrastruktur layihələri imkan verir ki, bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq.

Prezident İlham Əliyev cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibə verib.

Dövlət başçısı bildirib ki, son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi.

Müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər.

2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı.

1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.

Prezident İlham Əliyev deyib ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır. Sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin son nidası idi.

Ədalətə inanmaq lazımdır. Sağlam cəmiyyətin yaranması və möhkəmlənməsi üçün bu amil çox önəmlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük.

30 ilə yaxın işğal altında olan və 44 günlük Vətən müharbəsi zamanı azad olunan hər bir ərazidə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. İşğaldan azad olunan ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri davam etdirilir. Qarabağ və Şərqi Zəngəzurda orada sürətli bərpa və yenidənqurma işləri aparılır. Beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək, yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək. İcra olunan infrastruktur layihələri imkan verir ki, bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq. Vətəndaşlarımız Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qayıdacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Prezidentin qeyd etdiyi kimi, hədəf 2026-cı ilin sonuna qədər 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Azərbaycanın istənilən yerindən insanlar orada yaşamaq üçün imkanlara malik olmalıdır. Qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı müvafiq qurumlar ciddi məşğuldur. Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək. Su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanaların inşaatı artıq başlamışdır, bəziləri artıq istifadəyə verilmişdir. İçməli su xətləri, elektrik enerjisi ilə bağlı layihələr və digər infrastruktur layihələr fasiləsiz icra olunur. Keçmiş köçkünlər qayıdanda artıq orada əkin-biçin üçün şərait olmalıdır.

 

Cəlal Rəsulov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın