İkinci Qarabağ müharibəsi başa çatanda bir vakuum yaradılmışdı və heç kim bilmirdi ki, bundan sonra nə olacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib.Müsahibə zamanı jurnalistlərin suallarını cavablandırarkən Prezident İlham Əliyev qeyd etmişdir ki, biz 10 noyabr üçtərəfli Bəyanatı imzalanandan sonra, əlbəttə ki, gələcək addımlarımızla bağlı ciddi düşünməli idik. Çünki 10 noyabr hadisəsi də bir dövr idi və müharibə nə ilə nəticələnəcək, noyabrın 8-də mən tam deyə bilməzdim, yəni, tam əminliklə deyə bilməzdim. Əlbəttə, mən bilirdim ki, bizim Zəfərimizlə nəticələnəcək, amma necə və nə vaxt, noyabrın 8-də demək mümkün deyildi. Çünki noyabrın 8-də təbii ki, çox böyük hadisə baş verdi – Şuşa işğaldan azad edildi və faktiki olaraq separatçıların müqaviməti, belə deyək, strateji nöqteyi-nəzərdən mənasız olmuşdu. Əlbəttə, əgər müharibə davam etsəydi, Kəlbəcər və Laçın rayonlarını özü də artıq qış mövsümündə azad etmək çox çətin olardı. Halbuki biz bunu da edəcəkdik. Amma itkilərimiz həddindən artıq çox ola bilərdi, hətta 44 günlük müharibədə verdiyimiz şəhidlərin sayından qat-qat çox ola bilərdi. Biz hamımız bunu yaxşı bilirdik, çünki indi də oralara gedən, o bölgələrə gedən hər bir insan görür ki, nə dərəcədə çətin relyefdə yerləşən bir ərazidir. Ancaq əgər Ermənistan kapitulyasiya aktına imza atmasaydı biz, əlbəttə ki, müharibəni davam etdirəcəkdik son nöqtəyə qədər.Ona görə 8 noyabrdan sonra – ertəsi gün bütövlükdə səhərdən axşama qədər, gecəyə qədər Rusiya prezidenti vasitəsilə Azərbaycan, Ermənistan danışıqlarına həsr edilmişdir. Üçtərəfli Bəyanatın qəbul edilməsi, o şərtlərlə qəbul edilməsi, hesab edirəm ki, bizim böyük siyasi uğurumuzdur. Əlbəttə, əgər Şuşa işğaldan azad olunmasaydı, o şərtləri biz o Bəyanata saldıra bilməzdik. Yəni, bizim Qələbəmiz, güclü olmağımız imkan verdi ki, biz hətta bu məsələyə aid olmayan şərtləri də oraya saldıraq, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı.Ancaq hər halda 10 noyabrdan sonra müəyyən bir vakuum yarandı. Heç kim bilmirdi bundan sonra nə olacaq? O vaxt hələ meydanda olan Minsk qrupunun həmsədrləri də demək olar ki, özləri də bilmirdilər nə ilə məşğul olacaqlar və bəzi səfərlər də oldu. Ermənistandakı vəziyyət təbii ki, birmənalı idi. Azərbaycanda xalq sevinc içində idi. Ancaq mən bilirdim ki, bu, işin sonu deyil. Çünki bir çox tamamlanmamış məsələ var və o məsələlərə aydınlıq gətirilməlidir, ilk növbədə, ovaxtkı Laçın dəhlizi ilə bağlı olan məsələ.Müəyyən müddətdən sonra, xüsusilə görəndə ki, bu yol vasitəsilə Ermənistan Qarabağa silah-sursat, minalar göndərir, hərbi birləşmələrin rotasiyası həyata keçirilir, biz məsələ qaldırmağa başlamışdıq ki, artıq biz bu yola nəzarət etməliyik. Əfsuslar olsun ki, o vaxt Rusiya tərəfi buna müsbət yanaşmadı. Ancaq biz yenə də öz səylərimizi davam etdirirdik, mən dəqiq deyə bilərəm ki, uzun müddət ərzində – beş dəfə Rusiya tərəfinə ən yüksək səviyyədə müraciət edilmişdir ki, gəlin, bu yola birlikdə nəzarət edək. Çünki belə çıxır ki, siz buna tam nəzarət edə bilmirsiniz, hətta yəqin yadınızdadır, orada aşkarlanmış minaların da istehsal müddəti çox böyük suallar yaratdı. 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalar oraya necə gətirildi? Yəni, təbii ki, bu minalar həmin o Laçın-Xankəndi yolu vasitəsilə gətirilmişdi. Ona görə biz məsələ qaldırdıq ki, gəlin, birgə postda biz də dayanaq və nəzarəti gücləndirək, eyni zamanda, Rusiya sülhməramlı qüvvələrinə də olan tənqidi yanaşma da səngiyər. Çünki biz məsuliyyəti sizinlə bir növ bölüşdürmüş olacağıq. Ancaq əfsuslar olsun ki, buna razılıq verilmədi. Nəhayət, aprelin 23-də bizim başqa çarəmiz qalmamışdı, biz daha gözləmək fikrində deyildik. Biz bir neçə saat ərzində həmin o Həkəri çayının üzərindəki körpüdə yerləşdik. Təbii ki, buna hazırlıq aparılmışdır və bəzi səylərə baxmayaraq, oradan artıq heç yerə getmədik.
Beləliklə, Qarabağa qanunsuz silahların, sursatların, minaların və canlı qüvvənin daşınması və göndərilməsi artıq mümkünsüz olmuşdu. Ancaq buna baxmayaraq, biz humanitar gediş-gəlişə də heç bir əngəl törətməmişdik. Hamımız yaxşı xatırlayırıq ki, o vaxt Qırmızı Xaç xətti ilə xəstələr təxliyə edilirdi, aparılırdı, gətirilirdi. Bir müddətdən sonra Qarabağda yaşayan ermənilər o yoldan istifadə etməyə başlamışdılar və heç bir problem onlar üçün yaradılmırdı. Sadəcə olaraq onların maşınları yoxlanılırdı, öz maşınları ilə gedib-gəlirdilər. Azərbaycan sərhədçiləri maksimum dərəcədə diqqətli idilər və belə də tapşırıq almışdılar ki, mülki şəxslərə qarşı hər hansı bir hörmətsizlik edilməsin. Ancaq ondan sonra hərbi təxribat törədildi. Bizim postumuz atəşə tutulmuşdur və biz təbii olaraq istintaqı aparmaq üçün o yolu müvəqqəti olaraq bağladıq, amma sonra yenə də açdıq. Ondan sonrakı hadisələri siz yaxşı xatırlayırsınız, bu barədə çox danışmaq istəmirəm. Ermənistan dövlətinin tör-töküntüləri və bəzi yerli separatçılar faktiki olaraq özləri-özlərini humanitar yardımdan məhrum etmişdir.
Elmira Tağıyeva,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini