Loading

Böyük siyasətin böyük uğurları!

Müasir tariximizin yeni dövrü ötən il sentyabrın 20-dən sonra başlanan mərhələdir. Azərbaycan həmin tarixə qədər məqsədyönlü addımlar ataraq, suverenliyimizin tam təmin olunmasına sülh yolu ilə nail olmağa səy göstərdi. Ölkəmiz 44 günlük Vətən Müharibəsinin real nəticəsi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində səylərini artırmaqla bərabər, regionda dayanıqlı sülhə, təhlükəsizliyə nail olmaq, Ermənistanla münasibətlərində yeni səhifə açmaq üçün qarşı tərəfə sülh təklifini etdi. Ermənistan yenə də havadarlarının dəstəyinə arxalanaraq sözügedən Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirmək barədə düşünmədi, hərbi təxribatları ilə diqqətdə oldu. Vəziyyətin getdikcə gərginləşməsi dövlətimizin, xalqımızın səbr kasasını doldurdu. Ötən il sentyabr ayının 19-da başlanan bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Son 20 ilin uğurlarından bəhs edərkən tarixi Zəfərimiz, onun ardınca ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi çoxəsrlik tariximizin ən yaddaqalan hadisələri kimi qeyd edilir. Ölkə başçısı, Müzəffər Ali Baş Komandan bu günlərdə yerli televiziya kanallarına verdiyi müsahibəsində bu məqama xüsusi yer ayırdı. Cənab Prezident həmin dövrü belə xarakterizə etdi: “Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq”. Ali Baş Komandan müsahibəsində 2024-cü ilin mühüm hadisəsi olan növbədənkənar prezident seçkilərindən də bəhs etdi. “Artıq bütün vədlər, qarşıda dayanan vəzifələr uğurla icra edilib. Suverenliyimiz tam təmin olunub. Seçkilərin bütün ölkə ərazisi üzrə keçirilməsi yeni dövrün qürurverici məqamlarından olacaq”. Cənab İlham Əliyevin Prezidentlik fəaliyyətinin 20 ilinin tamam olması da növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən amillər sırasında qeyd edilir. Ümumilikdə yeni dövr yeni çağırışlarla zəngin dövr kimi xarakterizə edilir. Ölkə başçısı Azərbaycanın uğurlarından bəhs edərkən bu mühüm məqamı xüsusi vurğuladı ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır: “İstənilən auditoriyada, tədbirdə haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız vardır. Azərbaycan hər addımında ədalətə və beynəlxalq hüquqa söykənir. İstər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycana qarşı nə qədər əsassız təbliğatlar aparılsa da həqiqətlərimizin qarşısında bu cəhdlərin heç bir mahiyyət kəsb etmədiyi təsdiqləndi və bu gün də mümkünsüzdür. Azərbaycanın tarixi Zəfərində, ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsində beynəlxalq hüquq və ədalət əhəmiyyətli rol oynadı. Bu gün də tarixi ədalətə söykənərək yeni hədəflərə doğru inamla addımlayırıq”.  Cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Qarabağ məsələsində biz tamamilə haqlıydıq və heç kim bizi bu haqdan məhrum edə bilməz. Müstəqillik ideyalarımızı rəhbər tutmağımızda da haqlı idik. Çünki biz müstəqil ölkəyik. Əgər biz müstəqil ölkəyiksə, nə üçün kiminsə sözü ilə oturub-durmalıyıq? Əgər kimsə hesab edirsə ki, bizi idarə edəcək, səhv edir, yenə haqsız odur”. Bəli bu gün Azərbaycan xalqının öz Liderinə inamı, etimadı sonsuzdur. Artıq hər gün Ölkəmizin yeni bir uğuruna şahidlik edirik. Qədirbilən xalqımız cənab İlham Əliyevi 20 il öncə rəhbər seçməklə məhz gələcəyinə səs verdi. Gələcəyinin isə gün kimi aydın olacağına şübhə etməyən xalqımız bu gün qalib ölkənin qalib vətəndaşı olmağı ilə böyük qürur duyur.  Məhz, təkcə bu amil özü xalqımız üçün bir fürsətdir ki, qarşıdan gələn seçkilərdə 20 ildir bizi qələbədən-qələbəyə aparan, Azərbaycanı qalib dövlətə çevirən Müzəffər Liderinə özünün böyük minnətdarlığını çatdırsın.

 

Gülağa İmanov;

Neftçala rayon ağsaqqalı, Şəhid atası

Bir cavab yazın