Loading

XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir.

Son 200 ildə Azərbaycan torpaqları hissə-hissə bölünüb düşmən taptağında qalmışdır. Rusiyanın Cənubi Qafqaza tam yiyələnməsi bu işi daha da sürətləndirmişdi. 1828-ci ildə Naxçıvan və İrəvan xanlıqları ləğv edilir. Rusiya-İran və Rusiya-Türkiyə müharibələri nəticəsində qalib gələn şimal dövləti Azərbaycan torpaqlarina ermənilərin kütləvi köçürülməsini təşkil etdi. Qarabağın Dağlıq hissəsinə ermənilər daha çox köçürülürdülər. Ermənilərin Qarabağa kütləvi köçürülməsi barədə təkzibedilməz dəlil-sübutlar vardır. Azərbaycan torpaqlarının hissə-hissə bölünüb ermənilərə verilməsi ənənəsi çar Rusiyasının varisi olan Sovet hakimiyyəti dövründə də ardıcil davam etmışdir. Təkcə XX əsrin 1-ci rübündə Azərbaycan torpaqlarinın 30%-i Ermənistana verilmişdir. Ermənilər üçün Azərbaycan torpaqlarında dövlət yaradılmış, azərbaycanlıların kütləvi surətdə məhv edilməsinə rəvac verilmişdir.

Erməni gizli təşkilatları XX əsrin 80-ci illərindən etibarən Dağlıq Qarabağ ərazisində Moskvanın köməyi ilə fəallaşmağa başlayır və tarixən Azərbaycan torpaqları olan Qarabağın Ermənistana verilməsi tələbi ilə çıxış edirlər. Həmin vaxtdan etibarən azərbaycanlıların Qarabağdan və Ermənistandan kütləvi qovulması prosesi başlayır. Bütün hadisələri Rusiya ermənilərin xeyrinə nəzarətdə saxlayırdı. Dağlıq Qarabağ hadisələri başlayan gündən qədim İrəvan ərazisində qalmış azərbaycanlıların köçürülməsi, öldürülməsi, diri-diri yandırılması və müxtəlif işgəncələrə məruz qalması özünü “mədəni” xalq adlandıran ermənilər üçün adiləşmişdir. Beləliklə, Qərbi Azərbaycanın tamamilə azərbaycanlılardan təmizlənməsi prosesi 1991-ci il avqustun 8-də sonuncu türk kəndi Nüvədinin boşaldılması ilə başa çatdı. Azərbaycanlıların bu son dövrdəki deportasiyasinda da Rusiya yaxından iştirak etdi. Qeyd etmək yerinə düşər ki, Mərkəzi Komitədə oturan məsul şəxsin hər biri ermənilərə dayaq durur, azərbaycanlıların haqq səsinin boğulmasına rəvac verir, azərbaycanlılar haqqında mənfı fıkirlər formalaşdırırlar.

1991 və 1992-ci illərin əvvəllərində Ermənistan Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başlayıb. Münaqişənin aktiv dövrü isə 1994-cü ilin mayına, atəşkəs əldə olunana qədər davam edib. Bu müddətə qədər Azərbaycanın əhəmiyyətli hissəsi, o cümlədən Qarabağ, ona bitişik yeddi rayonu Ermənistan tərəfindən işğal olundu. Cinayətkar, talançı və işğalçı ermənilər 30 il ərzində əzəli ata-baba torpaqlarımızı işğal altında saxladı.

200 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. 44 günlük müharibə dövründə Azərbaycan işğal olunmuş ərazilərini, Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edildi. Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu və bunun nəticəsində Ağdam, Laçın və Kəlbəcər döyüş əməliyyatları aparılmadan Azərbaycana təhvil verildi.  Cari il aprelin 23-də ölkəmiz Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratmaqla ərazi bütövlüyünü, 19-20 sentyabr tarixlərində keçirilmiş 24 saatlıq antiterror tədbirləri nəticəsində isə öz suverenliyini bərpa etdi. Bu gün azad edilmiş torpaqlarda şəhər və yaşayış məntəqələrinin aktiv bərpa prosesi aparılır və Azərbaycan özünün yeni şanlı tarixini yazır.

 

Şəhriyar Ələkbərov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın