Xalqın ideoloji həmrəyliyi.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. 30 ildən çoxdur ki, müstəqil Azərbaycan xalqı bu tarixi əlamətdar bayramlardan biri kimi qeyd edir.Ümumilli Lider Heydər Əliyev xalqımızın milli həmrəyliyinin əldə olunmasına hələ Naxçıvanda fəaliyyət göstərdiyi dövrdən xüsusi diqqət və həssaslıqla yanaşırdı. Təsadüfi deyil ki, 1991-ci il dekabrın 16-da Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul edərək dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdi.Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün gələcəyə inamdır. Hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var.Bu, müstəqil suveren Azərbaycan Respublikasıdır.Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.Hər birimiz “Azərbaycan mənim qibləgahımdır”,– deyən böyük şəxsiyyətin fəaliyyətində sonsuz fədakarlığın şahidi olmuşuq. Azərbaycanı kərpic-kərpic tikərək alınmaz qalaya çevirən Ulu Öndərimiz Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, onun milli konsepsiyasını yaratmışdır. Bu konsepsiya əsasında xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş,Azərbaycan layiq olduğu müstəqilliyə qovuşmuşdur.Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev 1991-ci ildə həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.Ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev yürütdüyü siyasətlə xalqımızı Azərbaycan dövlətinin ətrafında sıx birləşdirdi.Artıq üç ildir ki, Milli Həmrəylik Günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəylimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxdı. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyəti sayəsində əldə edildi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da yüksək dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin məkrli təxribatlarına qarşı etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Zəfərimizə layiqli töhfə oldu. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi.
Ziyafət Hüseynov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini