Loading

Həmrəylik günü dünya azərbaycanlılarının birləşmə istəyinin simvolu.

31 dekabr 2023-cü il tarixi Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına etdiyi müraciətlə yadda qaldı. Prezident İlham Əliyev bildirdi ki, 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. Antiterror əməliyyatından söz açan ölkə başçısı qeyd etdi ki, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Dövlət başçısı vurğuladı ki, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi. Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq edilmişdir. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik.

Azərbaycanda separatizmin kökü kəsildi və separatizm bizim torpağımızda bir daha baş qaldıra bilməz. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusu peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır.

Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır. Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər – COP29 gələn il Azərbaycanda keçiriləcək. Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Yaşıl enerjinin əhəmiyyətindən danışan ölkə başçısı qeyd etdi ki, yaşıl enerji keçidi bizim prioritet məsələmizdir və bu il Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir – 230 meqavat gücündə günəş elektrik stansiyası artıq bizim enerji sistemimizə tam inteqrasiya edilmişdir.

2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir. Ulu Öndərin 100 illiyi ölkə üzrə qeyd edildi. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırılmış Dövlət Bayrağı Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir.

Ölkə başçısı qeyd etdi ki, bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar. 24 dekabr 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciətində söylədiyi “Hal-hazırda bütün dünya azərbaycanlılarının milli-mənəvi varlığını yaşadan bir dövlət var. Bu dövlət Azərbaycan Respublikasıdır. Onun müstəqilliyini dönməz etmək, dövlətçiliyini qorumaq, ərazi bütövlüyünü, təhlükəsizliyini və sərhədlərinin toxunulmazlığını təmin etmək, bütün ölkələrlə bərabər hüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa nail olmaq tək Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının övladlıq borcudur” sözləri bu gün də hər kəsə nümunədir.

 

Rasət Heybətov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın