Loading

Xarici ölkələrdə yaşayan həmvətənlərimizə diqqət

Milli məfkurə ətrafında sıx birləşən soydaşlarımızın xarici ölkələrdə mütəşəkkil şəkildə fəaliyyət göstərmələri, birlik və həmrəylik nümayiş etdirmələri ölkəmizin maraqlarının qorunması baxımından strateji əhəmiyyət daşıyır.

Ümummilli Lider Heydər Əliyevin xalqımızın gələcəyi naminə göstərdiyi ən böyük xidmətlərdən biri dövlətçiliyin möhkəmlənməsində mühüm rolu olan azərbaycançılıq ideologiyasını təkcə ölkə daxilində birliyə nail olmaq üçün deyil, eyni zamanda, xaricdəki diasporumuzun təşkilatlanmasında əsas ideoloji xətt və milli məfkurə kimi müəyyən etməsidir. Təsadüfi deyil ki, Ulu Öndər xarici ölkələrə səfərləri sırasında soydaşlarımızla çoxsaylı görüşlər keçirir, xaricdə yaşayan azərbaycanlıları daim azərbaycançılıq ideyası ətrafında birləşməyə, yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə çağırırdı.

Xarici ölkələrdə yaşayan həmvətənlərimizin təşkilatlanması məsələsində Ulu Öndər Heydər Əliyev daim prinsipial mövqe sərgiləyib. Ümummilli Lider deyirdi ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diasporun gücü ilə ölçülür. Məhz bu səbəbdən milli diasporun azərbaycançılıq ideyası ətrafında təşkilatlanmasına xüsusi diqqət yetirən Azərbaycan dövləti dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün bu sahədə sistemli və ardıcıl siyasət yürüdüb. Bu siyasətin nəticəsidir ki, xarici ölkələrdə yaşayan azərbaycanlıları ümummilli mənafelər naminə ideoloji cəhətdən səfərbər etməklə mühüm nailiyyətlər əldə olunub.

Dünya azərbaycanlılarının həmrəyliyinin nümayişinin ən bariz nümunələrindən biri Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə 2001-ci ilin noyabrında Azərbaycanın paytaxtı Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsidir. Azərbaycan diaspor təşkilatları arasında birliyin və həmrəyliyin təmin olunması, onların azərbaycançılığın təbliği, ana dilimizin qorunması yönündə fəaliyyətlərinin möhkəmləndirilməsi baxımından bu Qurultayın önəmi böyük olub. 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin “Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə” Fərman imzalaması bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədi daşıyırdı. Belə ki, Komitənin yaradılması qısa müddətdə müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizin azərbaycançılıq ideyası ətrafında cəmləşməsi və Azərbaycan dövlətinin maraqları naminə birləşməsini təmin edən mühüm addım olub.

Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son 20 il ərzində bu istiqamətdə çox mühüm addımlar atılıb. Prezident İlham Əliyev hər zaman diaspor təşkilatlarının bir bütöv və təşkilatlanmış qüvvə kimi çıxış etməsi zərurətini önə çəkib. 2006-cı ilin martında Bakıda Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi xaricdə yaşayan azərbaycanlıların birləşdiyi təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyyətə malik olub. Belə ki, 2008-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu fonunda bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsi zərurətindən irəli gəlib. Komitənin yaradılması, eyni zamanda, digər xalqların diaspor qurumları və müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın genişləndirilməsi baxımından önəmli olub.

Diasporla İş üzrə Dövlət Komitəsin və xaricdəki diaspor təşkilatları xüsusilə, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində öz işlərini yeni çağırışlar əsasında həyata keçirməyə nail olublar. Hazırda dünyadakı diaspor təşkilatlarımız fəaliyyətlərini daha çox koordinasiyalı şəkildə qurur, Azərbaycanın dünyada tanıdılması, ölkəmizin təbliği üçün əllərindən gələni edirlər. Belə ki, diaspor təşkilatları ölkəmizin haqlı mövqeyini müdafiə edir və ermənilərin informasiya təxribatlarına layiqli cavab verirlər. Xüsusi olaraq qeyd edim ki, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və böyük sərkərdəlik məharəti sayəsində azad olunması xarici ölkələrdə yaşayan hər bir azərbaycanlının böyük qürur hissi keçirməsinə səbəb olub. Müzəffər Ali Baş Komandan İlham Əliyev XXI əsrdə torpaqları düşmən işğalından azad edən qüdrətli dövlət başçısı kimi adını tarixə qızıl hərflərlə yazdırıb.

 

Pərviz Cavadov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın