2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur.
Prezident, Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə Azərbaycan ordusunun Vətən müharibəsində qazandığı şanlı qələbə dünya və regional siyasətdə dövlətimizin gücünü və nüfuzunu daha da artırdı. Bu qələbə Azərbaycan ordusunun gücü, rəşadəti, Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşən xalq birliyinin təzahürüdür. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi tariximizdə yeni-yeni qəhrəmanlıq səhifələri açdı. Bu müharibə dövründə bütün dünya dövlətləri, türk dünyası, hər kəs rəhbəri olduğu dövlətin bayrağını zirvələrə ucaldan, tarixin nadir yetişdirdiyi şəxsiyyətlərdən biri olan hörmətli cənab Prezident İlham Əliyev kimi əsl vətənpərvər, vətəninə və xalqına ürəkdən bağlı dahi şəxsiyyətin inamına, əzminə və qətiyyətinə bir daha şahid oldu.
Azərbaycanın ardıcıl qələbələri təbii ki, ordu quruculuğuna göstərilən qayğının və Ordunun dünya standartları səviyyəsində hazırlığının təmin olunmasının göstəricisidir. Bölgədə ən qüdrətli orduya malik Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması, “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşularaq hərbi təlimlərdə iştirak etməsi nizami ordumuzun NATO standartları səviyyəsində hazırlıqlı olduğunun göstəricisidir. Azərbaycan zabitlərinin beynəlxalq standartlara cavab verən xidmətlərinin beynəlxalq hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirilməsi hər bir azərbaycanlıda qürur hissi doğurur. Bu baxımdan, inamla demək olar ki, NATO ilə Azərbaycan arasında əməkdaşlığın getdikcə daha da güclənməsi ölkəmizdə orduya göstərilən diqqət və qayğının nəticəsidir. Hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək, onların məişət şəraitini yaxşılaşdırmaq məqsədilə də mühüm layihələr icra olunur. Azərbaycan Ordusunun şəxsi heyətinin sosial şəraitinin yaxşılaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə çox mühüm və ardıcıl tədbirlər həyata keçirilir. Əlverişsiz, köhnə hərbi hissələr daha müasir dünya standartlarına cavab verən yeni hərbi şəhərciklərlə əvəz olunur. Bəzi hərbi hissələrdə təmir-bərpa işləri aparılır. Bu da şəxsi heyətin döyüş, mənəvi-psixoloji və digər hazırlıqlarının artırılmasına güclü təkan verir. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgələrinə səfərləri zabit və əsgərlərimizin döyüş əzmini artırmaqla xalq-ordu birliyini daha da möhkəmləndirir.
Azərbaycan ordusunun 2016-cı ilin aprelin əvvəllərində Dağlıq Qarabağda Lələtəpə yüksəkliyi və 2018-ci ilin mayında Naxçıvanda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarında düşmən işğalında olan ərazilərimizin bir hissəsi, bəzi strateji əhəmiyyətli yüksəkliklər azad edildi. 2018-ci ildə Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar Azadlıq meydanında keçirilən hərbi parad da ölkəmizin müdafiə qabiliyyətinin göstəricisi və dövlətimizin hərbi gücünün təsdiqi kimi tarixə düşdü. Azərbaycanda ordu dövlət üçün prioritetdir, ordu quruculuğuna fasiləsiz, dönməz diqqət vardır. Hərbi qulluqçuların vəzifə maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı bu diqqətin təzahürüdür. Son illərdə həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər, ən yüksək texnikalarla və qurğularla təchizat, ümumən hərtərəfli diqqət və qayğı şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsini nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə və Azərbaycan ordusunun 2-ci Qarabağ müharibəsində tarixi zəfər qazanmasına səbəb oldu. Şuşanın azad edilməsi üçün Azərbaycan ordusunun keçirdiyi hərbi əməliyyat dünya hərb tarixinə yazıldı. Hər tərəfi sıldırım dağlarla əhatə olunan Şuşa əlləri və dırnaqları ilə yüksəkliyi aşıb şəhərə girən əlbəyaxa döyüş də daxil olmaqla misli görünməmiş qəhrəmanlıqlar nümayiş etdirən Azərbaycan əsgərlərinin gücü və vətənpərvərliyi hesabına azad olundu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır”.
Rüfət Quliyev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini