Beynəlxalq birlik 30-40 ölkə deyil.
Artıq heç kimdə şübhə doğurmur ki, Cənubi Qafqazda yaranmış yeni reallığın müəllifi məhz Azərbaycandır. Hətta tarixi Zəfərimizi hələ də həzm edə bilməyən və ya onu qısqanclıqla qarşılayan məlum dairələr belə, bu gerçəkliyi etiraf etmək məcburiyyətindədirlər. Çünki Azərbaycan öz haqqını və tarixi ədaləti beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, BMT Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun şəkildə təmin edib. İstər 44 günlük Vətən müharibəsini, istərsə də cəmi birgünlük antiterror tədbirini sağlam məntiqin və beynəlxalq hüququn ziddinə olaraq, keçmiş “Dağlıq Qarabağa hücum” kimi təqdim etməyə çalışan ölkə və təşkilatlar da Azərbaycanın beynəlxalq hüququn tələblərindən kənara çıxmadığını çox yaxşı bilirlər. Artıq onlar da görürlər ki, nə təhdid xarakterli bəyanatlarla, nə də beynəlxalq hüququ heçə sayan qərəzli qətnamələrlə müstəqil Azərbaycanı və onun şəksiz Liderini haqq yolundan çəkindirə bilməyəcəklər.
Suveren hüquqlarımızın bərpası naminə həyata keçirilən 24 saatlıq antiterror tədbirini hay-küylə qarşılayan, hər fürsətdə ona kölgə salmağa çalışan dairələr zaman ötdükcə daha çox qəbul edəcəklər ki, Azərbaycana qarşı tətbiq etdikləri selektiv yanaşma və ayrı-seçkilik siyasəti Cənubi Qafqazda geosiyasi maraqlarının təmin olunmasına xidmət etmir və haqlı olaraq əks-reaksiya doğurur. Həmin dairələr ictimai şəkildə etiraf etməsələr də, yaxşı bilirlər ki, Azərbaycanın beynəlxalq hüququn normaları çərçivəsində, o cümlədən humanitar hüququ gözləməklə əldə etdiyi Qələbə, əslində, dünya nizamının təhlükəsizliyinə verilən əhəmiyyətli töhfələrdən biridir. Dünya gücləri 35 ildən sonra, nəhayət, görməyə başlayıblar ki, hansı coğrafiyada baş verməsindən və hansı etnik qrup tərəfindən törədilməsindən, hətta onların məlum fobiyaları və ayrı-seçkiliyi səbəbindən kiməsə tərəfkeşlik etmələrindən asılı olmayaraq, separatizm dünya birliyinin nizamına ciddi təhdid yaradan təhlükəli faktora çevrilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunmuş qərar həm də bu gerçəkliyin etirafıdır. Prezident İlham Əliyevin dekabrın 15-də keçirdiyi xüsusi müşavirədə səsləndirdiyi fikirlər bu mənada xüsusilə diqqət çəkir: “Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı. Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir”.
Dövlətimizin başçısı yuxarıdakı açıqlaması ilə həm də bu mesajı verdi ki, ötən müddət ərzində antiterror tədbirinə kölgə salmaqla suveren hüquqlarımızı şübhə altına almağa və bununla dünya ictimaiyyətini çaşdırmağa çalışan məlum dairələrin səy və cəhdləri, təhdid və təzyiqləri əbəsdir. Ermənilərdən də artıq erməni olmaq istəyən dairə və siyasətçilər gec-tez qəbul etməli olacaqlar ki, tarixi ədalətin və beynəlxalq hüququn təntənəsini qısqanclıqla qarşılamaq, bununla barışmamaq son nəticədə onların öz maraqlarına da zərbə vurur, dünya birliyinə təhlükəsizlik əvəzinə, anarxiya və hərc-mərclik gətirir. Prezident İlham Əliyev elə bu səbəbdən diqqətə bu gerçəkliyi də çatdırdı: “Bir də bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir”.
İntiqam Manafov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini