Loading

Cənub Qaz Dəhlizi.

Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada hazırkı geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Artıq iki ildən çoxdur ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır. Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Ölkəmizin hər bir layihəni uğurlu sonluqla başa çatdırması malik olduğu imkanların dünyaya təqdimatıdır. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində dövlət başçısı cənab İlham Əliyev bu mühüm hadisəni bugünədək görülən işlərin zirvəsi kimi dəyərləndirdi və layihənin icrasının nəzərdə tutulan vaxtda başa çatacağına əminliyini ifadə etdi. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyun ayında əsas seqmentlərindən olan TANAP istifadəyə verildi. Layihənin digər tərkib hissəsi olan TAP isə 2020-ci ilin dekabr ayının 31-də istifadəyə verildi. Göründüyü kimi, Azərbaycan vəziyyətdən asılı olmayaraq gündəmə gətirdiyi hər bir layihəni zamanında başa çatdırmağa səy göstərir. Azərbaycan etibarlı, arzuolunan tərəfdaş kimi dünyanın diqqətindədir.

Bildiyimiz kimi, dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi. Bu kimi açılış mərasimlərinin hər biri iştirakçı ölkələrin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Dövlət başçısı cənab İlham Əliyev mərasimdəki çıxışında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs edərək bildirdi ki, enerji strategiyası uğurla icra edilir. Tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın – Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi – uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Avropa Komissiyası, onun yüksək vəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Azərbaycanın Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox olub. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaq.

Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, “Əsrin müqaviləsi»nin imzalanmasından öncə Ümummilli Lider Heydər Əliyev dünya təcrübəsinə əsasən belə bir çağırışı etmişdi ki, təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində öz sözünü dedi. O da məlumdur ki, əməkdaşlıq öncə regional çərçivədə başlayaraq illər keçdikcə beynəlxalq miqyas aldı. Dövlət başçısı cənab İlham Əliyev sözügedən açılış mərasimində ölkəmizin enerji sektorunda qazandığı uğurların təhlili fonunda bu mühüm məqamı böyük əminliklə qeyd etdi ki, Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri – bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir.

Ümumilikdə, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri göz önündədir. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən, Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır.

Cənab İlham Əliyev Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində “Gələcək planlarımız, təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır” söyləyərək onu da qeyd etmişdir ki, əsas hədəfimiz bərpa olunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpa olunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır.

 

Şahin Abdiyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın