Bu gün Avropanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən Azərbaycan paralel olaraq, dünya birliyində etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirməkdədir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev çıxışlarının birində “Cənub Qaz Dəhlizi dörd hissədən ibarətdir – “Şahdəniz” yatağı, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP. Azərbaycan bütün bu layihələrdə fəal iştirakçıdır və bu gün biz yeni reallığı yaradırıq. Çünki enerji təhlükəsizliyi bu gün milli təhlükəsizlik qədər önəmlidir. Heç bir ölkə öz milli təhlükəsizliyini enerji təhlükəsizliyini təmin etmədən sığortalaya bilməz. Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib. Görün, Azərbaycan qazı bu gün Avropa üçün, Avrasiya üçün, bu bölgə üçün nə qədər böyük əhəmiyyət daşıyır. Yəni, yeni enerji xəritəsi yaradılır. Bunu biz yaradırıq, öz tərəfdaşlarımızla birlikdə. Ona görə təbii ki, görülən bu işlər Azərbaycanın geosiyasi əhəmiyyətini artıracaq və bizim gücümüzü də artıracaq, təsir imkanlarımız da artacaq” deyərək, müasir dünyada baş verən proseslər fonunda Ölkəmizin əldə etdiyi nailiyyətlərə işıq saçır. Bu gün xüsusilə Avropanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən Azərbaycan paralel olaraq, dünya birliyində etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirməkdədir. Bəli, qeyd edilənlər Azərbaycanın enerji siyasətinin böyük uğurlarıdır. Son iyirmi il ərzində həyata keçirilən uğurlu iqtisadi və siyasi islahatlar nəticəsində regionun lider dövlətinə çevrilən Azərbaycan, eyni zamanda regional enerji mərkəzinə çevrilib. Məhz cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası davamlı olaraq Azərbaycanda keçirilir. Hər il keçirilən bu tədbirə nüfuzlu xarici şirkətlərin, beynəlxalq təşkilatların nümayəndələri qatılır. Bütün bunlar Ölkəmizin həm də beynəlxalq birliyin yaxın strateji tərəfdaşına çevrildiyini təsdiqləyir. Hazırda Avropa bazarlarında enerjiyə olan böyük tələbat Ölkəmiz üçün əlavə və yeni fürsətlər yaradır. Bu baxımdan, görünən odur ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycan daha fəal rol alır və bu proses getdikcə əhəmiyyətli dərəcədə inkişaf edir. Dünyanın ədalət prinsipləri ilə yaşayan və fəaliyyət göstərən əksər liderləri Azərbaycanın etibarlı tərəfdaş olmasına diqqət çəkirlər. Heç şübhəsiz bütün bunların təməlində birbaşa cənab İlham Əliyevin xüsusi nüfuzu və mükəmməl idarəçilik təcrübəsi dayanır. Məhz dekabr ayının 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edən Ölkə başçısının xüsusi və dərin səmimiyyətlə qarşılanması, orada səslənən fikirlər bizlərdə böyük əminlik və inam hissi yaradır ki, Azərbaycan yaxın illərdə bütün Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayacaq, bu da öz növbəsində Ölkəmizin iqtisadi inkişafına və vətəndaşlarımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcəkdir.
Cəmaləddin Əsədov;
Neftçala rayonu, Şəhid atası