Dayanıqlı inkişafının bünövrəsini qoymuş illər.
Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür.
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməzdir.
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.
Ulu Öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Xalqın tarixi yaddaşının özünə qaytarılması onun qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdır.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı ən böyük xidməti müəyyənləşdirdiyi strateji inkişaf kursunun ardıcıllığını təmin etməsidir. 2003-cü ilin prezident seçkiləri ərəfəsində – tarixi taleyimizin məsuliyyətli günlərində xalqa müraciət edən Ulu Öndər cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü, respublikanın gələcək taleyi baxımından vacib olan bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına inandığını ifadə etmişdi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Həmin seçkilər nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən Heydər Əliyev siyasi kursunun davamlılığını və alternativsizliyini şərtləndirən amillərin sosial sifarişə əsaslandığını sübuta yetirdi. Prezident İlham Əliyev öz tükənməz enerjisi, Vətən sevgisi, quruculuq fəlsəfəsi ilə hakimiyyətdə varisliyin yeni, daha bitkin, konkret, əyani və universal modelini ortaya qoydu. Bu model Azərbaycanın bütün sferalarda inkişafını təmin edir. Dövlət başçısı qəbul etdiyi fundamental qərarlarla, imzaladığı fərman və sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini sübuta yetirir. Bu gün Prezident İlham Əliyevi Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Ölkə rəhbəri bu dəyərləri göz bəbəyi kimi qoruyacağına, itkisiz şəkildə gələcək nəsillərimizə ötürəcəyinə and içib. Bu andın fövqündə 30 ildən bəri yaraları qövr edən bir xalqın ülvi arzusu – Qarabağı işğaldan azad etmək, doğma torpaqlarına dönmək kimi qarşısıalınmaz bir istəyə qovuşmaqda möhtəşəm bir dönməzlik var idi. Vaxtilə əlçatmaz, müqəddəs bir arzu dövlətimizin israrla həyata keçirdiyi müdrik siyasətin şərəfli nəticəsinə, böyük zəfərə, qələbəyə çevrildi. Öz torpaqlarına qovuşandan sonra dünya düzənində böyük hörmət qazanan Azərbaycan möhtəşəm qələbə ilə beynəlxalq birliyə daha sürətlə inteqrasiya istiqamətində böyük imkanlar əldə edir.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın fundamental əsaslarını təşkil edir.
Yalçın Abıyev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri