Ulu Öndər xarizması.
Ulu öndər Heydər Əliyev dahi vətənpərvər idi. O, heç vaxt xalqı çağırışlarla, şüarlarla yükləmirdi. Böyük dövlət adamı, sadəcə olaraq, Azərbaycanı təmənnasız bir istəklə sevir və hər addımında bu sevgi uğrunda istənilən fədakarlığa hazır olduğunu sübut edirdi.
Dərin zəkası və xalq sevgisi ilə əksər yaşıdlarından seçilən Heydər Əliyev gənc yaşlarından kommunist Partiyasının sıralarına qoşulmuşdu. O zamanlar, təbii ki, dövrün xarakterinə uyğun olaraq tapşırıqlar, göstərişlər və ideoloji tezislər yuxarıdan gəlirdi və qeyd-şərtsiz yerinə yetirilməli idi. Ulu öndərimiz belə məqamlarda heç vaxt ədalət hissini itirmir, həmişə öz vicdanının səsinə qulaq asırdı. Etiraf edək ki, yuxarıların göstərişinə “yaradıcı yanaşmaq” çox təhlükəli idi. Böyük siyasi xadim bu cür “yaradıcı yanaşma”larını yuxarıların və bədxahlarının nəzər-diqqətindən məharətlə yayındırmağı da bacarırdı. Təsadüfi deyil ki, o, Azərbaycan Respublikasının Prezidenti olarkən deyirdi ki, mən Kommunist Partiyasının Mərkəzi Komitəsində rəhbər vəzifələrdə, eyni zamanda, ondan əvvəl dövlət təhlükəsizlik orqanlarında çalışdığım zaman Azərbaycan xalqının əleyhinə heç bir hərəkətə yol verməmişəm. “Biz o dövrdə heç bir dissidenti həbs etmədik. Antisovet təbliğatına görə heç kimi cəzalandırmadıq. Baxmayaraq ki, yuxarıdan belə göstərişlər və təzyiqlər olurdu”.
Azərbaycan xalqı öz dahi rəhbərini heç vaxt unutmamışdı. Bu barədə Heydər Əliyev 1999-cu ildə Yeni Azərbaycan Partiyasının qurultayında belə demişdi: “Nə Qorbaçov, nə Vəzirov, nə Mütəllibov, nə də Əbülfəz Elçibəy hakimiyyətinin heç birisi Heydər Əliyevi Azərbaycan xalqının qəlbindən çıxara bilməyib”.
Həqiqətən də belədir. Heydər Əliyevi köhnə, dağılmaqda olan hakimiyyətdən uzaqlaşdırmaq üçün göstərilən kobud cəhdlər onu sürətlə yaranmaqda olan yeni hakimiyyətə yaxınlaşdırırdı və bu Qayıdışın məntiqi nəticəsi olaraq xalq öz liderini 1993-cü ildə təkidli tələblərlə yenidən hakimiyyətə dəvət etdi. Ümummilli lider eyni səmimiyyət və ardıcıllıqla müstəqil Azərbaycanın qurulmasında xariqələr yaratmağı bacardı.
1969-cu ildə ilk dəfə hakimiyyətə gələndə Azərbaycan imperiyanın unudulmuş, yaddan çıxmış bir əyaləti idi. Ulu öndər həmin əyaləti 14 illik hakimiyyəti ərzində Sovet İttifaqının və dünyanın diqqət mərkəzinə çevirdi.
1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə, demək olar ki, eyni mənzərə ilə qarşılaşmışdı: dövlət, hakimiyyət adında heç nə yox idi. Əgər dövlət olsaydı, adi şərqşünas Ayaz Mütəllibovu adi yun zavodu direktoru Əbülfəz Elçibəyi hakimiyyətdən devirə bilməzdi. Heydər Əliyev belə bir şəraitdə dövlət maşınını qurub sazladı, işə saldı.
Ümummilli lider Heydər Əliyevin şəxsiyyəti və xarizması hesabına mürəkkəb bir regionda yerləşən kiçik Azərbaycan böyüdü və möhtəşəm uğurlara imza atdı, hətta nəhəng dövlətlər müstəqil Azərbaycanın mövqeyi ilə hesablaşmağa başladı.
Şübhəsiz ki, Heydər Əliyevin qeyri-adi dövlətçilik və diplomatik məharəti olmasaydı, “Əsrin müqaviləsi” imzalanmazdı. “Əsrin müqaviləsi” həm də “əsrin mübarizəsi” kimi şərh edilməlidir. Əsrin bu keşməkeşli mübarizəsindən qalib çıxan Azərbaycan öz xilaskar liderini həmişə qürurla anacaqdır.
“Əsrin müqaviləsi”, sadəcə olaraq, iqtisadi bir müqavilə deyildi, bu beynəlxalq bağlaşma uzun bir yola çıxmış gənc, müstəqil dövlətin təhlükəsizlik kəməri funksiyasını yerinə yetirirdi. Baxmayaraq ki, bəzi üzdəniraq siyasətçilər bu layihəni əfsanə adlandırırdılar, onun baş tutmayacağını iddia edirdilər. Heydər Əliyev xəyalları gerçəkləşdirməyi bacaran əfsanəvi bir lider idi.
Şölə Bağırova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini