“Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”.
İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata bəyanatında bir neçə mühüm məqamı yenidən aktuallaşırdı. İlk növbədə, Azərbaycan-İraq münasibətlərinə diqqət çəkərək qeyd etdi ki, iki ölkənin diplomatik əlaqələr tarixi boyunca İraq prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Dövlət müstəqilliyini bərpa edən Azərbaycanı ilk tanıyan ölkələrdən biri də İraq olmuşdur. Belə ki, 2 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımış və üç ay sonra Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. Sonrakı illərdə qarşılıqlı əlaqələrin intensiv və ya daha sıx olması ilə bağlı ardıcıllıq izlənilmir. Doğrudur, 20 may 2011-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya yaradılmış, 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır. Həmçinin, 2017-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda keçirilən dünya iqtisadi forumunda iştirakı çərçivəsində İraq Kürdüstan Regional Hökumətinin başçısı cənab M. Bərzani ilə görüşmüşdür. Bununla yanaşı İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirərək BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında bir-birini dəstəkləmiş, qarşılıqlı olaraq suverenliyini və ərazi bütövlüyünü müdafiə etmişdir.
Əlbəttə ki, bunun səbəbləri var. Əgər biz ötən dövr ərzində hər iki ölkədə və onun ətrafında cərəyan edən hadisələri təhlil etsək, görərik ki, onların qarşısında dayanan problemlər, ölkədə və ətrafda baş verən hadisələr fonunda, eyni zamanda, təbii resurslara zəngin olan Azərbaycana və İraqa ikili standartlarla yanaşılmışdır. Lakin hazırda hər iki ölkə özünün yeni inkişaf mərhələsini yaşayır. Bu ölkələrin sıx siyasi, iqtisadi, mədəni əlaqələrinin daha da gücləndirilməsinə ehtiyac vardır. Məhz bu baxımdan da, Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, “Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir”.
Bu səfər İraq və Azərbaycan arasında perspektiv əməkdaşlıq üçün yeni imkanlar yaradır. Səfər çərçivəsində imzalanmış sənədlər də bunu göstərir. Müxtəlif sahələrdə, o cümlədən, “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” imzalanması bu səfərin əhəmiyyətini göstərir. Azərbaycan ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurmağa açıq ölkədir. Onun regiona daxil olan və ya dünyanın müxtəlif region dövlətləri ilə iki və çoxtərəfli qarşılıqlı və praqmatik münasibətləri mövcuddur. İraqla çoxtərəfli əlaqələrin gücləndirilməsi yaxın gələcəkdə hər iki ölkənin xalqı üçün faydalı olacaqdır.
Səadət Əsgərova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini