Loading

Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikilən tunellər Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün böyük əhəmiyyət daşıyır.

25 noyabr – Kəlbəcər şəhəri günüdür. İşğaldan azad olunan digər ərazilər kimi, Kəlbəcər rayonunun da siması yenilənir, genişmiqyaslı infrastruktur işləri həyata keçirilir. Prezident İlham Əliyevin bölgəyə hər səfəri açılış tədbirləri, təməlqoyma mərasimləri və digər əlamətdar hadisələrlə yadda qalır. Prezidentin Kəlbəcər rayonuna belə səfərlərindən biri də 16 avqust 2021-ci ildə reallaşıb.

Prezident İlham Əliyev səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoyub.

Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.

Dövlətimizin başçısı dedi: Bu gün ikinci tunelin təməli qoyuldu. Kəlbəcər-Laçın avtomobil yolunda tunel tikiləcək və beləliklə, ikinci tunelin bir müddətdən sonra istifadəyə verilməsi gediş-gəlişi daha da rahat edəcək. Bütün bu bölgənin, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır. Azad edilmiş torpaqların investisiya proqramı tutulanda mənim göstərişimlə məhz tunellər də bu layihələrə salınmışdır, o cümlədən Şuşaya gedən yolda və burada tunellər çəkilməkdədir. Tunelin tikintisi həm çətindir, xüsusilə belə ağır dağlıq relyefdə, eyni zamanda, çox böyük xərclər tələb edir. Ancaq biz bunu edirik və edəcəyik. Çünki bu, bölgənin, Şərqi Zəngəzurun inkişafına lazımdır. İnsanlar buraya qayıdandan sonra artıq Azərbaycanın digər bölgələri ilə çox rahat əlaqəyə malik olacaqlar. Həm Kəlbəcər və Laçın rayonları arasında əlaqələr möhkəmlənəcək, – Laçın rayonunda aeroportun tikintisi nəzərdə tutulur, – eyni zamanda, Kəlbəcər-Göygöl-Gəncə istiqamətində gediş-gəliş daha da rahat olacaq. Cəmi 8-9 ay ərzində görülmüş işlər onu bir daha göstərir ki, bizim çox güclü iradəmiz var, siyasi qərarlar verildi, bütün güclər, texniki imkanlar səfərbər olundu, maliyyə vəsaiti təmin edildi, Azərbaycanda, o cümlədən inşaat sahəsində kadr potensialı formalaşdı və hərtərəfli işlər gedir – elektrik xətləri, su elektrik stansiyaları, yarımstansiyalar, tunellər, körpülər, hava limanları, sosial obyektlər və bütün digər məsələlər. Bax, bu tunelin şəkli də burada göstərilir, çox rahat və təhlükəsiz bir yol olacaq.

 

Yalçın Abıyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın