Azərbaycan ziyalılarının təşəbbüsü ilə yaranan Yeni Azərbaycan Partiyası.
İctimai-siyasi fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biri də 1992-ci il noyabrın 21-idir. Həmin tarix Yeni Azərbaycan Partiyasının yarandığı gündür. Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalilarının təşəbbüsü və fəal iştirakı ilə Yeni Azərbaycan Partiyası yaranmışdır.
Tarixə nəzər salsaq, 1991-ci ilin 18 oktyabr, dövlət müstəqilliyi rəsmən elan olunduğdan sonra Azərbaycan böyük fəlakətlə üzləşdi. Sürətlə bir-birini əvəzləyən müvəqqəti iqtidarların səriştəsiz siyasəti dövlətə, xalqa qarşı edilən xəyanətlər Azərbaycanı nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdirmişdi. Xalq Cəhbəsi 1992-ci ildə hakimiyyətə gəldi. AXC-Müsavat cütlüyünün hakimiyyəti özünün bədnam idarəçilik fəaliyyəti ilə Azərbaycan xalqının gələcəyə ümidini, qürurlu millət kimi yaşamağa inamını öldürmüşdü. Erməni təcavüzkarları meydanın boş olduğunu görərək işğalçılıq siyasətini daha da gücləndirmiş, respublikanın ayrı-ayrı bölgələrində qanunsuz silahlı birləşmələr cövlan etməyə başlamışdı. Ölkəmiz vətəndaş müharibəsinin bir addımlığında idi.
Həmin vaxtlara nəzər salsaq, Azərbaycanın bir sıra dövlətlərlə, o cümlədən qonşu ölkələrlə olan münasibətləri korlanmış və respublika beynəlxalq aləmdə təklənmişdi. Belə bir vəziyyətdə Azərbaycan xalqını təlaşdan çıxarmağa, onun sabaha inamını qaytarmağa qadir olan mütəşəkkil siyasi qüvvənin – partiyanın yaranması zamanın tələbi idi. 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi YAP-ın yaranması idi. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdırarq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Azərbaycanı bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi və bu zaman onlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsəd ilə xalqın Ümummilli Lideri Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
Belə bir vaxtda Azərbaycan ziyalısının 91 nəfərinin imzası ilə Naxçıvana, Heydər Əliyevə muraciət göndərildi. “91-lər”in müraciəti kimi ölkənin ən yeni tarixinə daxil olmuş həmin sənəd əslində, bütün Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. 16 oktyabr 1992-ci il tarixində 91 nəfər tanınmış Azərbaycan ziyalısının müraciəti ”Səs”qəzetində dərc olundu. Ümumilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan NMR-nın Ali Məclisinə sədrlik edirdi. Partiyanı yaratmaq istəyən insanların bir hissəsi – 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfrasını orada keçirməyə nail oldular. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Təsis konfransı keçirildi. YAP-ın yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi və Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. O cümlədən, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Nəhayət ki, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Ümummilli lider Heydər Əliyev söyləmişdir: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxsələrin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaratmışdır”. Yeni Azərbaycan Partiyasının tarixində çox nadir siyasi təşkilatlardan biri hesab oluna bilər ki, onun lideri partiya yarandıqdan cəmi 6 ay keçdikdən sonra ölkənin prezidenti seçildi. Müstəqilliyimizin ilk illərində yaşanan böhran Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasəti nəticəsində aradan qaldırıldı. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Heydər Əliyev uğurlu iqtisadi islahatları ilə Azərbaycanı tənəzzüldən tərəqqi yoluna çıxardı. 20 sentyabr 1994-cü il tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının təməli qoyuldu. Ölkəmiz çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Təbii ki, iqtisadiyyatın inkişafı əhalinin sosial rifah halının yaxşılaşmasına da öz müsbət təsirini göstərdi. Azərbaycan xalqının gələcəyə inamı gündən-günə artdı.
Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Konstitusiyası və qaunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarına Azərbaycan hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır. YAP Azərbaycanda sabitliyin qorunması, demokratik siyasi münasibətlər sisteminin bərqərar edilməsi, bazar iqtisadiyyatı modelinin yaradılması, tarixi ənənələrə və müasir dünyanın təcrübəsinə əsaslanan milli dövlətin qurulması kimi bir sıra mühüm vəzifələri uğurla yerinə yetirərək ölkənin siyasi həyatındakı yerini müəyyən etmişdir. 1992-ci il dekabr ayının 18-də YAP Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır. YAP-ın I Qurultayında Ümummilli Lider Heydər Əliyev yenidən partiyanın sədri seçilmişdir. Qurultay habelə Siyasi Şuranın yeni tərkibini, YAP sədrinin təqdimatı ilə YAP sədrinin müavinlərini, İdarə Heyətinin üzvlərini, İcra katibi və onun müavinlərini seçmişdir.
3 oktyabr 1993-cü il tarixində YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ilin noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir. 1999-cu ildə keçirilən bələdiyyə seçkiləri də YAP-ın zəfəri ilə başa çatmış, partiyanın yerlərdəki nüfuzundan xəbər verən ən obyektiv göstərici rolunu oynamışdır. 12 noyabr 2000-ci il tarixində Milli Məclisə keçirilən seçkilərdə YAP yenidən qalib gəlməklə 124 deputat yerindən 75-ni tutmuş, cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırmışdır.
2001-ci ilin noyabr ayının 21-də keçirilən Yeni Azərbaycan Partiyasının II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir. YAP-ın Nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin I müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilmişdir. Qurultay partiyanın rəhbər orqanlarını – 108 nəfərdən ibarət Siyasi Şura üzvlərini və onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçmişdir.
15 oktyabr 2003-cü il tarixində keçirilən Prezident seçkilərində YAP Sədrinin I müavini, AR Baş naziri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi partiyanın ölkənin ictimai-siyasi həyatında hansı nüfuza sahib olmasını əyani şəkildə təsdiqlədi.
17 dekabr 2004-cü il tarixində bələdiyyə, 2005-ci ilin noyabr ayının 6-da Milli Məclisə seçkilərdə YAP yenidən qələbə çalaraq həm yerli özünüidarəetmə orqanlarında, həm də qanunvericilik orqanında daha çox təmsil olunan partiya kimi növbəti uğura imza atdı.
Qeyd edek ki, 2005-ci ilin mart ayının 26-da YAP-ın keçirilən III Qurultayında AR Prezidenti, YAP Sədrinin I müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Qurultayda partiyanın rəhbər orqanlarına keçirilən seçkilərdə 102 nəfər Siyasi Şura üzvü və onların içərisindən isə 25 nəfər İdarə Heyətinə seçilmişdir.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının sıralarına bu gün yüz minlərlə insanın birləşməsini hələ sağlığında canlı əfsanəyə çevrilmiş və bu gün onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev xalqa göstərdiyi misilsiz xidmətin nəticəsi kimi dəyərləndirilir.
YAP-ın Proqramında irəli sürülmüş vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prisipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
Bu gün YAP öz qarşısında duran vəzifələri böyük uğurla həyata keçirir. Yeni Azərbaycan Partiyası parlament tipli, sağ mərkəzçi siyasi partiyadır. YAP xalqın partiyasıdır. YAP qələbələr, uğurlar partiyasıdır. YAP keçdiyi tarixi yol nəticəsində güclü siyasi təşkilata çevrilib. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir.
Fəyyaz Quliyev,
fəal gənc