Loading

İƏT-ə üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər.

Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Bu tədbirdə təşkilata üzv ölkələr arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Xatırladaq ki, 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı kimi yenidən formalaşdırılıb. Azərbaycan quruma 1992-ci ildə daxil olub. Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb.

Dövlətimizin başçısı tədbirdə çıxış edərək Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın uğurla inkişaf etdiyini, ötən ildə Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etdiyini vurğulayıb. Zirvə toplantısında cənab İlham Əliyev bildirdi ki, yenidən Prezident seçildikdən sonra Şavkat Mirziyoyevin ilk dövlət səfərini ölkəmizə etməsi, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirdirir.

Təşkilata üzv ölkələrin Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstərdiklərini vurğulayan cənab İlham Əliyev  bildirdi ki, təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstərib. Türkiyə və Pakistanın Azərbaycana hərtərəfli dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verib. Bu iki ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və birmənalı olub. Həmçinin 2021-ci ildə Türkmənistanda keçirilmiş Zirvə Toplantısının sonunda qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə özündə Azərbaycanın maraqlarına birbaşa cavab verən müddəaları da ehtiva edir.

 

İradə Heybətova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın