Əyilməz döyüş ruhu.
İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı”. Bu fikirləri noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad zamanı Prezident İlham Əliyev səsləndirib.
Dövlət başçısı çıxışında daha sonra qeyd edib ki, Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq. Prezident İlham Əliyev: “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.”
“Şuşa əməliyyatı qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq. Düşmən ordusu Azərbaycan Ordusunun, Silahlı Qüvvələrin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşürdü və onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi” – deyə, Prezident İlham Əliyev bildirib.
Ağaş Paşayev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri