Loading

Bu gün Azərbaycan- Ermənistan sərhədində vəziyyət bizim nəzarətimizdədir.

Noyabrın 8-də Xankəndi şəhərində keçirilmiş və Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad milli yaddaşımızın ən parlaq və qürurverici tarixidir. Heç şübhəsiz ki, gələcəkdə bu hadisəyə həsr olunmuş minlərlə yazı hazırlanacaq, həmçinin yüzlərlə əsər yazılacaq. Onu da deyə bilərik ki, gələcəyin qəhrəmanları bu gün şahidi olduğumuz tarixi nümunələr üzərindən yetişdiriləcək. İstisna etmirəm ki, əhalinin ictimai şüurunda qələbələrə dair artıq müəyyən “alışqanlığın” formalaşması səbəbindən sözügedən hadisənin siyasi təfəkkürümüzdə layiqli dəyərləndirilməsi və əzəmətinin dərk olunması bu gün yox, məhz bir müddət sonra baş verəcək. Ancaq bir danılmaz həqiqət var: biz Azərbaycanın yeni inkişaf mərhələsinin ən parlaq, təkrarolunmaz və möhtəşəm hadisələrinin canlı şahidləriyik. Min ömrə dəyər hadisələrə şahidlik edirik və hətta onların iştirakçısıyıq.

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesini sürətləndirmək, dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşməklə, eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürməklə sərhəddə mövqelərimiz daha da möhkəmləndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə bəyan etdiyi kimi, biz bilirdik ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Biz bilirdik ki, Ermənistanın arxasında dayanan və onları bizə qarşı hərəkətə təhrik edən xarici qüvvələr onlara yenə də təxribatçı siqnallar verəcəklər. Ona görə biz öz sərhədimizi qorumalı idik və keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət bizim nəzarətimizdədir.

Təbii ki, son 3 ildə Qarabağ bölgəsində bir neçə hərbi əməliyyatın uğurla həyata keçirilməsi bu bölgədə əlverişli yüksəkliklərə sahib olmaq üçün bizə şərait yaratdı. Əslində Ermənistan hərbi-siyasi rəhbərliyi bu əməliyyatlardan nəticə çıxarmalı idi. Qanunsuz silahlı birləşmələr Azərbaycan ərazilərini tərk etməli, bütün öhhdəliklər yerinə yetirilməli idi. Dövlət başçısının da bəyan etdiyi kimi, Ermənistan bunun əksini etməklə-Qarabağa silah-sursat göndərməklə antiterror tədbirlərini qaçılmaz edirdi. Təbii ki, hadisələrin gedişi də göstərdi ki, Ermənistan öz havadarlarına güvənməklə böyük səhv edir. Azərbaycan hansısa qüvvələrin təzyiqləri qarşısında geri çəkilməyəcək.

44 günlük müharibədə Azərbaycan Ordusunun məhz Xankənidinin bir addımlığında dayanması da təsadüfi deyildi. Müzəffər Ali Baş Komandanın bəyan etdiyi kimi, bu, Azərbaycanın şüurlu seçimi idi və Zəfər günündə, qələbimizin 3-cü ildönümündə Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bunun nə qədər düzgün və müdrik addım olduğunu təsdiqləyir.

 

Tarel Nağıyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın