Loading

Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi.

Prezident İlham Əliyev xalqının milli maraqlarını ən əsas prioritetə çevirərək modern cəmiyyətdə lider obrazının ən mühüm keyfiyyətlərini özündə birləşdirən şəriksiz liderdir. Dövlət başçısı dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin milli-strateji maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb. Məhz Prezident İlham Əliyevin uğurla yürütdüyü siyasət nəticəsində çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Bunun üçün isə ilk növbədə ölkə iqtisadiyyatı özünün inkişaf tempini artıraraq dünyanın apırıcı reytinq cədvəllərində əks olundu, ordu quruculuğu ən müasir standartlara uyğunlaşdırıldı, sosial problemlərin həlli, həssas təbəqənin mənafeyinin təmini əsas prioritet kimi müəyyənləşdirildi. Azərbaycan Ordusu ilk dəfə dünyanın 50 ən güclü ordusu sırasında yer aldı. Müdfiə xarakterli məhsulların daxili istehsalı gücləndirildi. Ordu komplektləşdirildi.

Noyabrın 8-də Xankəndidə Azərbaycan ordusunun ikinci Qarabağ müharibəsində qələbəsinin üçüncü ildönümü münasibətilə hərbi parad keçirilib. Azərbaycan prezidenti İlham Əliyev paradda çıxış edib.

İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun qələbəsindən danışan İlham Əliyev bunu “tarixi hadisə” adlandırıb: “Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir”.

O, həmçinin 44 günlük müharibədən əvvəlki dövrü və ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında davam edən danışıqları xatırladıb: “İyirmi il bundan əvvəl Prezident kimi öz fəaliyyətimə başlayanda əziz xalqıma bildirmişdim ki, biz torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazır olmalıyıq. O vaxt hələ sülh danışıqlarına müəyyən ümidlər var idi. Ancaq illər keçdikcə bu ümidlər tükənirdi.

Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar, hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Ancaq Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmaq fikrində deyildi və mən dəfələrlə bunu müxtəlif kürsülərdən bəyan etmişdim ki, biz bu vəziyyətlə barışmayacağıq. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik, danışıqlar nəticəsiz başa çatsa, güc tətbiq edərək beynəlxalq hüquq əsasında öz doğma torpaqlarımızı döyüş meydanında işğalçılardan azad edəcəyik.

Əgər Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr mənim sözlərimə qulaq assaydılar, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Mən dəfələrlə deyirdim, Ermənistan rəhbərliyinə müraciət edərək deyirdim ki, əgər siz bizim torpağımızdan çıxmasanız, döyüş meydanında bizimlə üz-üzə gələcəksiniz və sizin arxanızda kim istəyirsə dursun, bu, bizi haqq yolumuzdan döndərə bilməz. 44 günlük Vətən müharibəsi bunu bir daha göstərdi”.

 

Şəhriyar Ələkbərov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın