Loading

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması prosesi sürətlə icra olunur.

Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir.

Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. İşğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınmışdır.

Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan prioritetlər “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılmışdır. Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza müstəsna əhəmiyyətə malikdir.

İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmış, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəm daşıyır. 2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanmışdır. İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla bu sahədə xidmətlər – mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. təşkil edilmişdir. Hazırda şəbəkə və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində intensiv işlər davam etdirilir.

 

Səbahi Abbasova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın