Loading

Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur.

Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.

Üç il əvvəl, 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verdi. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən  Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş edən  müzəffər Orduya çevrildi. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur.

Milli yaddaşımıza əbədi həkk olunan 8 noyabr Zəfər Günü xalqımızın qəhrəmanlıq salnaməsi və şanlı qalibiyyəti kimi tarixə düşdü. Otuz illik həsrətə son qoyan bu əzəmətli Qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 28 ilin hər gününün qisasını aldı! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqlərə sinə gələrək, mürəkkəb məsələlərin öhdəsindən uğurla, ləyaqətlə gəlməyi bacardı. Azərbaycan bütün dünyaya həm döyüş, həm də diplomatiya meydanında münaqişənin hərb yolu ilə həllinin mümkünlüyünü sübut etdi. Döyüş meydanında Azərbaycan əsgərlərinin qazandığı zəfər diplomatiya meydanında da uğurlara çevrildi. 44 gün davam edən Vətən müharibəsi dövründə dünyanın 10-dan artıq nüfuzlu televiziya kanalına və informasiya agentliklərinə müsahibə verən Prezident İlham Əliyev Azərbaycana qarşı irəli sürülən yalan və uydurma informasiyaları ifşa etdi. Ölkə rəhbərimiz öz qətiyyətli siyasəti ilə nəinki cəbhədə, hətta informasiya sahəsində də ən məşhur xarici jurnalistlərin suallarını tutarlı tarixi faktlarla cavablandıraraq bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!

 

Emin Bağırov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın