Loading

1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 234 şəxs üzrə birdəfəlik ödəmə verilib.

Davamlı olaraq dərin məzmunlu sosial siyasət həyata keçirən Azərbaycanın bu sahədə hədəflədiyi əsas məqsədlərdən biri insanların gəlir imkanlarının artırılmasına və bu əsasda ölkə üzrə ümumi rifah halının daha da yükəlməsinə nail olmaqdır. Respublikamızda pensiyaların, əməkhaqlarının müntəzəm qaydada artırılması artıq gözəl bir ənənə halını alıb. Qeyd olunan istiqamətlərdə, demək olar ki, hər il, hətta bəzən bir ildə bir neçə dəfə artımların şahidi oluruq. Eyni zamanda, Azərbaycan dövləti həssas qruplardan olan insanların – əlillərin, qazilərin, şəhid ailələrinin və digər belə qruplardan olan vətəndaşların gəlir imkanlarının artırılmasına xüsusi həssaslıqla yanaşır. Ölkəmizdə bu qəbildən olan insanların sosial müdafiəsi bir sıra vasitələrlə dəstəklənir. Qeyd edək ki, son beş ildə respublikamızda Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlar əsasında reallaşdırılan 4 sosial islahat paketi uğurla icra olunaraq 4 milyondan çox vətəndaşı əhatə edib. Bu islahatlar üzrə ayrılan əlavə illik vəsait 6,8 mlrd. manat təşkil edir.

Ölkədə aparılan sosial islahatlar müavinət və təqaüdlərdə davamlı artımları təmin edib. Son beş ildə Azərbaycanda müavinət və təqaüd ödənişləri 5 dəfə artmaqla 400 mln. manatdan 1,9 mlrd. manata çatıb. Sosial islahatların mühüm istiqaməti kimi müavinət və təqaüdlərdə davamlı hal alan artlımlar 2023-cü ilin əvvəlindən də davam edib. Belə ki, cari ilin 7 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 462 min nəfərə sosial müavinət, 374 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 578 mln. manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 374 mln. manat ödənilib. Yanvar-iyul aylarında 79 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 508 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Ölkəmizin tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan geniş sosial dəstək proqramı artıq 124 min şəxsi əhatə edib. İndiyədək onlara dəstək yönümlü 300 min xidmət göstərilib. Bütün bunlarla yanaşı, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 234 şəxsə də birdəfəlik ödəmə verilib.

 

Asif Qəfərov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın