Loading

Azərbaycanda yaşanan milli birlik.

Müasir dövrdə hər bir ölkənin gücünü müəyyən edən əsas amillərdən biri milli birlik faktorudur. Həmrəylik, milli birlik əsas etibarilə, cəmiyyətin ümummilli məsələlər ətrafında səfərbər edilməsindən, toplumun mənəvi-siyasi enerjisinin milli maraqların qorunmasına yönləndirilməsindən asılıdır. Tarixi faktlar və reallıqlar təsdiq edir ki, burada əsas – aparıcı amil lider faktoru və ya liderlik fenomenidir. Azərbaycanda xalq-lider birliyi, yəni milli həmrəylik amili həm müstəqilliyimizin, suverenliyimizin qarantı, həm də davamlı uğurlarımızın təminatçısıdır. Ümumiyyətlə, müstəqillik dövrünün prosesləri və reallıqları təsdiqləyir ki, milli həmrəylik xalqımız, dövlətimiz üçün taleyüklü anlarda həlledici faktor kimi çıxış edib. Ümummilli lider Heydər Əliyev Azərbaycanda milli həmrəyliyi təmin etməklə sabitliyin və təhlükəsizliyin qorunmasına, inkişafın davamlı prosesə çevrilməsinə nail ola bilib.

Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində həmrəylik Azərbaycan dövlətinin milli gücünü artıran amillərdən biri olub. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 20 il ərzində isə milli birliyin, həmrəyliyin daha da gücləndirilməsi Azərbaycanın möhtəşəm nailiyyətər qazanaraq yeni zirvələr fəth etməsinə gətirib çıxarıb və ölkəmizin dünya birliyində layiqli yer tutmasını şərtləndirib. Azərbaycanın adının dünya siyasi tarixinə qalib ölkə kimi yazılmasını, tarixi ədalətin, milli ləyaqətin və milli qürurun bərpasını təmin edən 44 günlük Vətən müharibəsində qazanılmış qələbədə isə milli həmrəylik amilinin yeri və rolu müstəsnadır. Daha dəqiq desək, Prezident-Xalq-Ordu birliyi Azərbaycanın tarixi qələbəsinin əsasında duran ən mühüm amildir.

44 günlük Vətən müharibəsi dövründə ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiyalar Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipial siyasətinə qətiyyətli dəstək göstərdilər, müxtəlif xalqların nümayəndələri yumruq kimi birləşərək döyüş meydanına atıldılar, gənclərimiz Vətənin bütövlüyü uğrunda mübarizəyə qatılaraq şərəf və şanlı qürur tarixi yazdılar. İkinci Qarabağ müharibəsinin nəticəsi olan tarixi qələbə Prezident-Xalq-Ordu birliyinin möhtəşəmliyini, Azərbaycan dövlətinin milli gücünü, xalqımızın isə mübarizə əzmini – sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. Bir daha sübuta yetirildi ki, güclü – qüdrətli Azərbaycan mürəkkəb beynəlxalq şərtlərə və şəraitə, bəzi dairələrin təzyiq cəhdlərinə baxmayaraq, istənilən strateji hədəfini reallaşdırmaq əzmində və iqtidarındadır.

 

İsmayıl Yaqubov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın