Loading

Prezident İlham Əliyev tərəfindən verilmiş müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur – beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır.

44 günlük müharibəyə qədər dünya ictimaiyyətində belə bir fikir var idi ki, ədalətin kimin tərəfində olmasından asılı olmayaraq, beynəlxalq səviyyədə maraq doğuran münaqişələrin müharibə yolu ilə həlli mümkünsüzdür. Qeyd etmək lazımdır ki, Azərbaycanın dövlət başçısı beynəlxalq səviyyəli bütün görüş və çıxışlarında həmişə Ermənistanın hərbi-siyasi təxribatlarına geniş yer ayıraraq, bu ölkənin təcavüzkar və işğalçı siyasətini daim ifşa edirdi. Hərbi əməliyyatların ilk günlərindən başlayaraq müharibənin sonunadək dövlət başçısı dünyanın aparıcı media agentliklərinin nümayəndələri ilə görüşüb, onlara müsahibələr verirdi. Bu müddət ərzində Prezident İlham Əliyev Türkiyə, Rusiya, ABŞ, İtaliya, Fransa, Almaniya, İngiltərə, Qətər, Yaponiyadan və digər ölkələrdən olan, dünyaca məşhur 30-a yaxın media quruluşuna müsahibələr verərək, ən yüksək səviyyədə və etibarlı məlumat mənbəyi olmaqla Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmışdı. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur – beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır.

Müsahibələr ardıcıl şəkildə dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət və iradə əsaslı şəkildə yer alırdı. Dövlət başçısının illər ərzində həyata keçirdiyi diplomatik strategiya Vətən müharibəsi zamanı öz bəhrəsini verdi. Azərbaycan beynəlxalq siyasi arenada tam dəstək ala bildi. BMT tribunasından tutmuş ən müxtəlif səviyyələrdə keçirilən beynəlxalq tədbirlərdə çıxışlarında, ayrı-ayrı dünya liderlərindən tutmuş ən kiçik ölkələrin başçılarına qədər bütün görüşlərində Prezident İlham Əliyevin xüsusi vurğuladığı bir məqam vardı: Ermənistan işğalçıdır, işğal etdiyi Azərbaycan torpaqları qeyd-şərtsiz boşaltmalıdır, Azərbaycan ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq, nə yolla olursa olsun, torpaqlarını işğaldan azad edəcək. Proseslərin gedişi göstərdi ki, bu bəyanatlar sadəcə söz xatirinə söz olaraq deyilməmişdi. İlham Əliyev ən müxtəlif tribunalardan səsləndirdiyi bu bəyanatları həyata keçirməyi qarşısına məqsəd kimi qoymuşdu və böyük siyasət ustası, mahir hərbi komandan kimi bunu etməyi bacardı.

Beləliklə, 3 il əvvəl Azərbaycan Respublikası iki əsr ölkəmizə qarşı həyata keçirilən “erməni məsələsi”nə son qoyaraq, bir daha bu kartdan istifadə edilməsinə imkan verməyəcəyini göstərdi. Hazırda bəzi qonşu və beynəlxalq dairələrin ölkəmizə qarşı ciddi pressinqdən istifadə etdiyi vaxt onlara dönüb arxaya baxmağı və tarixdən dərs çıxarmağı məsləhət görürük. Azərbaycan dövləti və xalqı 3 il əvvəl tarixi qələbə qazanaraq bölgədə yeni dönəmin əsasını qoyub. Yaxın gələcəkdə ölkəmiz qarşısına qoyduğu məqsədləri bir-bir həyata keçirəcək, bölgənin sabitlik məkanına çevrilməsi üçün prinsipial siyasətini davam etdirəcək.

 

Elvin Əlizadə,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın