Loading

27 sentyabr 2020-ci ildə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olunub.

Füzuli uğrunda gedən və qalibiyyətlə bitən döyüşlər ordumuzun döyüş bacarığının, şəhid və qazilərimizin fədakarlığının nəticəsidir.  Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatlarının ilk günlərində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər düşməndən azad olundu. Oktyabrın 17-də, döyüşlərin 21-ci günündə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri erməni işğalından azad edildi.

Füzuli rayonu doğma Azərbaycanımızın qədim tarixə, zəngin infrastruktur və tarixi abidələrə malik olan bölgələrindəndir. Əsası 1827-ci ildə qoyulan Füzulinin ilkin adı yerləşdiyi yaşayış məskəninə uyğun olaraq Qarabulaq adlandırılıb. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi şərəfinə rayonun adı dəyişdirilərək Füzuli rayonu adlandırılıb.

Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzulidə də bərpa və quruculuq işləri gedir. Prezident İlham Əliyevin Füzuliyə səfərləri zamanı mühüm strateji obyektlərin təməlləri qoyulub. Ən müasir tələblərə cavab verən Beynəlxalq Fizuli Hava limanı, Füzuli-Hadrut avtomobil yolu,Horadiz-Ağbənd dəmir yolu, “Füzuli” yarımstansiyası, Füzuli rayonunun Dövlətyarlı kəndində “Ağıllı kənd”, və s kimi bərpa işləri Azərbaycanın böyük uğur salnaməsi olan işğaldan azad edilmiş torpaqların sosial-iqtisadi sistemə effektiv reinteqrasiyasını təmin edir.

 

Kamil Qardaşov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın