Loading

Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır.

Son onilliklər ərzində qlobal iqtisadiyyatın gündəliyində ən çox rast gəlinən məsələ bərpa olunan enerji mövzusudur. Təbii resursların tükənməsinin qarşısını almaq, qlobal iqlim dəyişikliklərini önləmək, habelə insanların sağlam həyat şəraitini təmin etmək kimi qlobal çağırışlar beynəlxalq münasibətlər sistemində özünə geniş yer qazanıb.

Müstəqilliyini bərpa etdikdən sonra qlobal iqtisadi sistemə uğurla inteqrasiya olunan Azərbaycan da müasir dövrün çağırışlarına uyğun olaraq öz iqtisadiyyatını innovativ əsaslar üzərində qurur. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısı kimi tanınır. Son 30 il ərzində Azərbaycana qoyulan ümumi investisiyaların həcmi 300 milyard ABŞ dollarından çox olub və bunun da təqribən 100 milyarddan çoxu məhz neft-qaz sektorunun payına düşür. Azərbaycanın təşəbbüsü ilə regional əhəmiyyətə malik olan çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və hazırda Azərbaycan nefti və qazı müxtəlif istiqamətlərdə xarici bazarlara ixrac edilir. Avropanın enerji təminatında önəmli rol oynayan ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı bərpa olunan enerji istehsalı sahəsində də yeni uğurlar qazanmaqdadır. 230 MVT gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı da bu uğurlardan yalnız biridir. Günəş Elektrik Stansiyasının açılışında çıxış edən Prezident İlham Əliyev bu elektrik stansiyasının regionumuzda ən böyük günəş elektrik stansiyası olduğunu qeyd edərək Birləşmiş Ərəb Əmirlikləri ilə birgə həyata keçirilmiş layihənin üstünlüklərindən danışıb. Gələcəkdə 1 qiqavat həcmində bərpa olunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanmasını Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsi kimi qiymətləndirib. Ölkə başçısı bildirib ki, birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir. Prezident Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti ilə yaranmış iş birliyinə yüksək qiymət verərək gələcəkdə mərhələlərlə 10 qiqavata qədər bərpa olunan enerji istehsal etmək üçün birgə fəaliyyətin planlaşdırıldığını bildirdi və bu layihələri regionun enerji inkişafında bir inqilab adlandırdı.

Təbii sərvətlərimizin istifadəsi üçün böyük potensialın olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdirilir.

Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyaları istismara verilib və bu ilin sonuna kimi bu, onların ümumi gücü 270 meqavata çatdırılacaq. İki-üç ildən sonra hidroelektrik stansiyalarının gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə yeni və mühüm bir töhfə olacaqdır. Yaşıl enerji istehsalı layihələrində Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan mühüm rol oynayır. Bu ərazilər yaşıl enerji zonası elan olunub və yaxın illərdə bərpa olunan enerji resurslarının istehsalı üçün sərmayələrin əhəmiyyətli hissəsi də məhz bu regionlara qoyulacaq. Qlobal enerji resursları bazarında Azərbaycanın müstəsna mövqeyi gələcəkdə ənənəvi enerji növləri ilə yanaşı yaşıl enerji növlərinin də Avropa bazarlarına çıxarılması dünya enerji bazarında Azərbaycanın əhəmiyyətini dəfələrlə artıracaq.

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də hədəflər və onlara çatmağın yolları öz əksini tapmışdır. Azərbaycan qarşısına qoyduğu hər bir hədəfə zamanında nail olur. Dövlət başçısı İlham Əliyev məhz bu reallıqlara söykənərək belə bir əminliyi ifadə etdi ki, müstəqillik tariximiz təkcə enerji deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir. Çünki siyasi iradəmiz, cəmiyyətdə birlik var. Bütün məqsədlərimizə nail olacaq və gələcəkdə bu kimi daha çox mərasimlər keçirəcəyik.

 

Böyükkişi Cəbrayılov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın