Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin tikintisi davam edir.
Xalqımız 2020-ci il 25 oktyabr tarixində Qubadlının işğaldan azad edilməsi sevincini yaşadı. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra növbəti istiqamət Qubadlı rayonu idi. Cənab İlham Əliyev Qubadlı əməliyyatı barədə xüsusi vurğulamışdır ki, şəhərdə ermənilər güclü istehkam qurmuşdular. Şəhərin girəcəyində düşmən hərbi baza yaratmışdı. Bu yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi: “Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv ediləydi, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkam qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yaratmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib. Xaricdə yaşayan ermənilərin pulu ilə xaricdən ermənilər gətirilib və qanunsuz şəkildə Qubadlıda yerləşdirilib. Bu, özlüyündə hərbi cinayətdir. Bu cinayətə və bütün digər cinayətlərə görə Ermənistan dövləti cavab verəcəkdir.”
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu. Son üç il bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə xarakterizə edilir. Dövlət başçısı İlham Əliyevin Qubadlıya reallaşdırdığı 4 səfərin hər biri tarixi hadisə olmaqla yanaşı, Böyük Qayıdışa doğru atılan biri-birindən əhəmiyyətli addımlarla zəngindir. Belə ki, bu səfərlər çərçvəsində cənab İlham Əliyev Azərbaycan Bayrağını ucaltdı, Xanlıq-Qubadlı yolunun, “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak etmişdir. “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd idmətinin yeni hərbi hissə kompleksinin açılışı olmuşdu. Dövlət başçısı “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanışlıq olmuşdu. Ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdülər.
Ötən il oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olmuş, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoymuşdular. Bu muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətin və ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən, haqq səsimizi dünyaya çatdıran təşviqat mərkəzinə çevriləcək.
Günel Əliyeva,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini